Yapon alimlərinin apardığı son araşdırmalar göstərib ki, yaşıl çay qaraciyər sağlamlığı üçün çox faydalıdır.
E-saglam.az xəbər verir ki, Xirosima Universitetinin tədqiqatçıları yaşıl çayın tərkibindəki EGCG adlı güclü antioksidantın qaraciyərdə iltihabı və hüceyrə zədələnməsini azaltdığını müəyyən ediblər.
Tədqiqatlar göstərir ki, yaşıl çay, xüsusilə xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən insanlarda qaraciyər xərçənginin (HCC) inkişaf riskini azalda bilər. EGCG maddəsi bu proseslərə müdaxilə edərək hüceyrə sağlamlığını qoruyur.
Gündə 1 fincan kifayət edir
Əvvəlki araşdırmalar da sübut edib ki, gündə bir fincan yaşıl çay içmək qaraciyər xərçəngi riskini təxminən 4% azalda bilər. Bu, yaşıl çayın antioksidant təsirinin bədən üçün nə qədər vacib olduğunu göstərir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, yaşıl çayı təbii şəkildə içmək faydalıdır, amma yüksək dozalı əlavələr qaraciyərə zərər verə bilər. Əlavə olaraq qəbul olunan EGCG bəzi insanlarda ürəkbulanma, ferment problemləri və dərman qarşılıqlı təsirlərinə səbəb ola bilər.
Qaraciyər sağlamlığı üçün tövsiyələr
Qaraciyəri qorumaq və xərçəng riskini azaltmaq üçün bu vərdişlər vacibdir:
- Alkoqol qəbulunu azaltmaq
- Sağlam və balanslı qidalanmaq
- Hərəkətli həyat tərzi sürmək
- Siqaretdən uzaq durmaq
- Hepatit B və C-yə qarşı tədbirlər görmək
- Yaşıl çay kimi təbii dəstəkləri gündəlik həyata daxil etmək.
Tərcümə: Könül Oruc