Hər il dünyada təxminən 2.5 milyon insan ağciyər xərçəngi diaqnozu alır və təxminən 1.8 milyon insan ağciyər xərçəngindən dünyasını dəyişir. Ağciyər xərçəngi ən yüksək ölüm nisbətlərinə malik olan xərçəng növlərindəndir.
E-saglam.az mövzu ilə bağlı "Məlhəm Beynəlxalq Hospitalı"nın həkimi, pulmonoloq, Ağciyər Xəstəlikləri Uzmanı Könül Məmmədovanın məqaləsini təqdim edir:
Qadınlarda artan risk
Ağciyər xərçəngi ən çox kişilər arasında rast gəlinir, lakin son illərdə qadınlarda da bu xəstəliyin artım dinamikası müşahidə olunur. Bu artımın əsas səbəbləri arasında siqaret istifadəsi və ətraf mühitin təsirləri göstərilə bilər. Proqnozlara əsasən, qarşıdakı 20 il ərzində qadınlarda ağciyər xərçəngi hallarında 70%-lik artım gözlənilir.
Erkən diaqnoz həyat qurtarır
Ağciyər xərçəngi erkən mərhələdə aşkarlandıqda, xəstələrin 5 illik sağ qalma ehtimalı 90%-ə qədər yüksəlir. Xəstəlik 4-cü mərhələyə keçdikdə isə bu göstərici 5%-ə qədər enir. Skrininq proqramları və müasir müalicə üsulları erkən diaqnozun qoyulmasına və sağ qalma göstəricilərinin yüksəlməsinə imkan verir. Son illərdə fərdiləşdirilmiş müalicələr, hədəfə yönəlik terapiyalar və immunoterapiya vasitəsilə son mərhələ ağciyər xərçəngi xəstələrinin yaşam müddətində nəzərəçarpacaq yaxşılaşmalar əldə edilmişdir.
Tütün məhsulları: Ağciyər xərçənginin əsas səbəbi
Siqaret, siqar, qəlyan və elektron siqaretlər təkcə ağciyər xərçəngi deyil, digər ciddi xəstəliklərin də əsas səbəblərindəndir. Elektron siqaretlərin də tərkibində kanserogen maddələr olduğu üçün sağlamlıq üçün təhlükəlidir. Passiv siqaret məruz qalma halları ağciyər xərçəngi riskini təxminən 30% artırır.
Hava çirkliliyi və ağciyər sağlamlığı
Dünyada hava çirkliliyi ağciyər xərçəngi riskini artıran əsas ekoloji amillərdən biridir. Xüsusilə iri şəhərlərdə havada olan zərərli hissəciklərin miqdarı normanı aşır. Bu səbəbdən təmiz enerji mənbələrindən istifadə, yaşıllıqların artırılması və nəqliyyat vasitələrinin sayının azaldılması hava çirkliliyi ilə mübarizədə mühüm rol oynayır.
Ağciyər xərçəngi ilə mübarizədə nəzarət və maarifləndirmə
Ağciyər xərçəngi böyük ölçüdə qarşısı alına bilən bir xəstəlikdir. Buna görə də onunla mübarizə xüsusi əhəmiyyət kəsb edir. Tütün nəzarəti siyasətinin gücləndirilməsi, gənclərə tütün məhsullarının satışının qadağan olunması və zərərli maddələrin təsirinin azaldılması mühüm tədbirlərdəndir. Cəmiyyətin maarifləndirilməsi və ekoloji tədbirlərin artırılması bu ölümcül xəstəliyə qarşı atıla biləcək ən təsirli addımlardandır. Ağciyər xərçəngi ilə mübarizədə birlikdə hərəkət etməliyik.
"Məlhəm" Beynəlxalq Hospitalı ilə əlaqə:
Çağrı mərkəzi: 803
Əlaqə nömrəsi: +994 51 201 71 01
Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099, Baku, Azerbaijan
https://www.instagram.com/melhembeynelxalqhospital/?hl=en
Həkimlə əlaqə: 050 364 87 74