Tibbi xəbərlər
Ağciyər xərçənginin müalicəsində yeni ümid:
Tibbi xəbərlər
147

Ağciyər xərçənginin müalicəsində yeni ümid: Alimlər xəstəliyin "zəif nöqtəsini" tapdılar

Ohayo Universitetinin alimləri müəyyən ediblər ki, böyümə hormonu ağciyər xərçəngi hüceyrələrində dərman maddələrini xaric edən xüsusi zülalları hərəkətə gətirir. Bu hormonun reseptorlarının qarşısının alınması bədxassəli hüceyrələrin məhvolma ehtimalını artırır.

E-saglam.az xəbər verir ki, bu elmi iş "International Journal of Molecular Sciences" nəşrində dərc olunub.

Kiçikhüceyrəli olmayan ağciyər xərçəngi ümumi ağciyər xərçəngi diaqnozlarının təqribən 80-85%-ni təşkil edir və zaman keçdikcə müalicəyə qarşı dözümlülük nümayiş etdirir. Tədqiqatçılar əvvəlki araşdırmalara istinad edərək, şiş hüceyrələrinin həyatda qalmasına dəstək verən böyümə hormonu və onun reseptorunun (GHR) funksiyasına diqqət yönəldiblər.

Xərçəng genomu atlasına daxil olan yüzlərlə xəstəyə aid məlumatların analizi göstərib ki, ağciyər şişlərində böyümə hormonu reseptorlarının səviyyəsi sağlam toxumalarla müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir. Həmçinin, yüksək GHR göstəriciləri xəstələrin yaşamasına mənfi təsir göstərib: reseptor səviyyəsi aşağı olanlar orta hesabla 66 ay, yüksək olanlar isə 36-40 ay yaşayıblar.

İnsan və siçan hüceyrə xətləri üzərində aparılan sınaqlarda böyümə hormonu xərçəng hüceyrələrinin doksorubisin və sisplatin kimi kimyaterapiya preparatlarına qarşı müqavimətini gücləndirib. Hormon dərmanları hüceyrədən kənarlaşdıran zülalları fəaliyyətə gətirərək hüceyrə ölümünü azaldıb və şişin daha aqressiv inkişafına şərait yaradıb.

Alimlər daha sonra böyümə hormonu reseptorunun blokatoru olan peqvisomantı sınaqdan keçiriblər. Bu maddə kimyaterapiya ilə birlikdə tətbiq olunduqda şiş hüceyrələrinin müalicəyə qarşı həssaslığını artırıb və tələb olunan dərman dozasının azaldılmasına imkan verib.

Müəlliflər bildirirlər ki, bu nəticələr hələlik yalnız laboratoriya və analitik tədqiqatlara əsaslanır. Növbəti mərhələdə ağciyər xərçənginin heyvan modelləri üzərində sınaqlar aparılacaq, uğurlu olarsa, ardınca klinik sınaqlar həyata keçiriləcək. Əgər bu yanaşma effektivliyini və təhlükəsizliyini sübut edərsə, böyümə hormonu reseptorunun bloklanması rezistent ağciyər xərçənginin mövcud müalicə protokollarına əlavə edilə bilər.

Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun