Britaniya Kosmetik Stomatologiya Akademiyasının prezidenti, diş həkimi Sam Jethwa bildirib ki, ağız qoxusunun səbəbi hər zaman diş və diş əti xəstəlikləri olmur.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu problemin bir neçə mümkün səbəbi var və onların bəzisi çoxları üçün gözlənilməz ola bilər.
Jethwa izah edib ki, pis qoxu adətən ağızda bakteriyaların çoxalması ilə bağlıdır. Bu hal, xüsusilə ağız quruluğu zamanı və yemək qalıqları təmizlənmədikdə yaranır. Pəhriz də burada mühüm rol oynayır. Məsələn, süd məhsulları və zülalla zəngin qidalar dildəki bakteriyaları qidalandıran amin turşularını ifraz edir. Pomidor, sitrus meyvələri kimi turşulu qidalar isə bu bakteriyaların çoxalmasını sürətləndirə bilər.
Həkim əlavə edib ki, ağızdan gələn çürük yumurta qoxusu qastroezofageal reflüks və digər həzm problemləri ilə bağlı ola bilər. Bu halda, sadəcə ağız gigiyenası kifayət etmir, mədə-bağırsaq sistemi də yoxlanmalıdır.
Mütəxəssis ağız qoxusunu azaltmaq üçün bəzi tədbirlər görməyi məsləhət görür: gündə bir-iki dəfə diş ipindən istifadə etmək, hər üç aydan bir diş fırçasını dəyişmək, dili mütəmadi fırçalamaq və diş həkiminə mütəmadi baş çəkmək. Əgər bu tədbirlər nəticə verməzsə və nəfəsinizdəki qoxu hələ də qalırsa, terapevtə müraciət etmək vacibdir.
Tərcümə: Könül Oruc