Tibbi xəbərlər
Alzheimer ağızdan
Tibbi xəbərlər
86

Alzheimer ağızdan başlayır?

Son illərdə aparılan tədqiqatlar göstərir ki, Alzheimer xəstəliyi yalnız genetika və yaşla bağlı deyil, eyni zamanda xroniki infeksiyalarla da əlaqəlidir. Bu infeksiyaların mənbəyi isə çox zaman ağızda yerləşən bakteriyalardır.

E-saglam.az-ın məlumatına görə, porphyromonas gingivalis adlı bakteriya diş əti xəstəliklərinin əsas səbəblərindən biridir. Periodontit (inkişaf etmiş diş əti iltihabı) olan şəxslərin ağız florasında tez-tez rast gəlinən bu bakteriyanın beyinə yayılaraq orada iltihaba və hüceyrə zədələnməsinə səbəb ola biləcəyi müəyyən olunub.

2019-cu ildə Science Advances jurnalında yayımlanan araşdırmada Alzheimer xəstələrinin beyin toxumasında bu bakteriyaya aid DNT və toksinlər tapılıb. Bu, xəstəliyin yalnız lövhə toplanması ilə deyil, infeksiya və iltihabla da əlaqəli ola biləcəyini göstərir.

Ağız sağlamlığı Alzheimer riskini necə artırır?

Aşağıdakı faktorlar Alzheimer riskini yüksəldə bilər:

  • 65 yaşdan yuxarı olmaq

  • Tip 2 diabet və ya metabolik sindrom

  • Gündə bir dəfədən az diş fırçalamaq

  • Uzun müddət davam edən diş əti qanaması

  • Ağız florasında bakterial tarazlığın pozulması

Diş əti xəstəliyi olan insanlarda Alzheimer riski 30% daha yüksəkdir. Bu səbəbdən, ağız gigiyenası yalnız estetik və funksional baxımdan deyil, həm də beyin sağlamlığı baxımından əhəmiyyətlidir.

Alzheimerin ağızda başlayan erkən əlamətləri

  • Diş fırçalamağı unutmaq

  • Yalnız bir tərəfdə çeynəməyə meyl

  • Qoxu hissinin zəifləməsi

  • Quru ağız və dad dəyişiklikləri

Bu əlamətlər bəzən xəstəlik hələ inkişaf etməmişkən ortaya çıxa bilər.

Ağızdan beyinə yol: bakteriyalar necə təsir göstərir?

Normalda beyni qoruyan qan-beyin baryeri mövcuddur. Lakin yaşlanma, şəkərli diabet və iltihab bu baryeri zəiflədə bilər. Bu zaman ağızda olan zərərli bakteriyalar və onların ifraz etdiyi toksinlər (məsələn, gingipain) beyinə keçərək Alzheimerə səbəb olan amiloid beta lövhələrinin toplanmasına yol aça bilər.

Diş sağlamlığı – Beyin sağlamlığının müdafiə xətti

Alzheimer xəstələrində tez-tez ağız florası dəyişir: tüpürcək azalır, zərərli bakteriyalar artır və diş əti iltihabı güclənir. Bu dəyişikliklər təkcə xəstəliyin nəticəsi deyil, onun xəbərçisi də ola bilər.

Ağız gigiyenasına diqqət etmək – mütəmadi diş fırçalama, diş ipi istifadə etmək və mütəmadi diş həkimi nəzarətində olmaq – həm ağız, həm də beyin sağlamlığını qoruya bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun