Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
E-saglam.az xəbər verir ki, rayonun Xırmandalı kənd sakini, 2022-ci il təvəllüdlü Uğur Hacızadə əməliyyat olunması üçün xəstəxanaya gətirilib.
3-4 saat sonra azyaşlı xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Azyaşlının ölümü ilə bağlı TƏBİB açıqlama verib.
Bildirilib ki, daha öncə iyulun 13-si və 18-də sol qasıq nahiyəsində olan ağrılar səbəbilə 2022-ci il təvəllüdlü azyaşlı oğlan uşağı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına valideynləri tərəfindən gətirilib. Həkim-cərrahının müayinəsində olan azyaşlıya soltərəfli qasıq yırtığı diaqnozu təyin edilib.
İyulun 21-də 15:00 radələrində cərrahi əməliyyat üçün hazırlanarkən azyaşlı anestezioloji preparatların ineksiyası zamanı anaflaktik şok keçirib.
Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 20:20 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.