ABŞ-də milyonlarla insan böyrək xəstəlikləri ilə mübarizə aparır.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, gündəlik həyat tərzində edilən kiçik dəyişikliklər böyrək sağlamlığını qorumaqda böyük rol oynaya bilər.
Böyrəklər niyə vacibdir?
Böyrəklər orqanizmin təmizləyici filtri kimi çalışaraq qanda olan artıq maye və tullantıları süzür. Ancaq düzgün olmayan həyat tərzi bu həyati orqanların fəaliyyətinə ciddi zərər vura bilər.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, təxminən 35,5 milyon amerikalı xroniki böyrək xəstəliyindən əziyyət çəkir. Mütəxəssislər su içməyin artırılması, düzgün qidalanma, stressin idarə olunması və fiziki aktivliyin böyrəklərin qorunmasında əsas faktorlar olduğunu vurğulayırlar.
Böyrək sağlamlığını qorumaq üçün 5 əsas tövsiyə:
1. Su qəbulunu artırın
Gündə ən azı 1,5–2 litr su içmək böyrəklərin toksinləri və artıq natriumu orqanizmdən atmasına kömək edir. Xüsusilə isti yay günlərində su istehlakının artırılması vacibdir.
2. Böyrək dostu qidalar seçin
Yaban mersini, nar, çiyələk, alma, avokado, brokoli, yaşıl yarpaqlı tərəvəzlər, lobya, çia və kətan toxumu kimi məhsullar böyrəklər üçün faydalıdır. İşlənmiş qidalardan, artıq duz və şəkərdən uzaq durmaq məsləhətdir.
3. Çəkinizə nəzarət edin və hərəkətdə olun
Hipertoniya və şəkərli diabet – böyrək çatışmazlığının əsas səbəblərindəndir. İdeal çəkinin qorunması və gündəlik azı bir saat fiziki fəaliyyət böyrəklərə ciddi fayda verir.
4. Siqaret və alkoqoldan uzaq durun
Siqaret qan damarlarının quruluşunu pozur, alkoqol isə qan təzyiqini artıraraq böyrəklərə yük salır. Hər iki vərdiş yalnız böyrəklərə deyil, ümumi sağlamlığa da mənfi təsir göstərir.
5. Yuxu rejiminizi normallaşdırın, stressi azaldın
Gündə 7–9 saat yuxu və stressin meditasiya, idman və ya sevdiyiniz məşğuliyyətlərlə idarə olunması böyrəklərin yüklənməsinin qarşısını alır. Mütəxəssislər xroniki stressin iltihaba və zamanla böyrək zədələnməsinə səbəb ola biləcəyini bildirir.
Tərcümə: Könül Oruc