Danimarka Avropa İttifaqında anadan uşağa HİV və sifilisin ötürülməsini aradan qaldıran ilk ölkə olub.
E-saglam.az xəbər verir ki, bu barədə Dövlət Serum İnstitutunun (Statens Serum Institut, SSI) press-relizində bildirilir.
“Ekstra Bladet” qəzetinin yazdığına görə, həmin institutda baş həkim və şöbə rəhbəri kimi çalışan Mariya Vessman bildirib ki, uzun illər ərzində hamilə qadınlar mütəmadi müayinədən keçirilib və operativ müalicə ilə təmin olunublar.
“Bu o deməkdir ki, bu gün Danimarkada uşaqlar HİV və ya sifilislə doğulmur”, – deyə Vessman vurğulayıb.
Danimarka hətta Ümumdünya Səhiyyə Təşkilatından infeksiyanın yayılmasının rəsmən dayandırıldığını təsdiqləyən sertifikat alıb.
“Danimarkanın uğuru ölkədə anaların sağlamlığının qorunması üzrə sistemin yüksək səviyyədə olduğunu və yardıma ehtiyacı olan bütün hamilə qadınlara dəstək göstərilməsi ilə bağlı tədbirlərin uzun illərdir uğurla həyata keçirildiyini göstərir”, - deyə ÜST-ün Danimarkanın son nailiyyətləri ilə bağlı yaydığı məlumatda bildirilir.
Xezerxeber.az