Diyetoloq Elizabet Barns zərdəçalın faydaları ilə tanınmasına baxmayaraq, ondan daha çox antioksidant ehtiva edən 5 ədviyyatın adını açıqlayıb.
E-saglam.az xəbər verir ki, zərdəçalın tərkibindəki əsas maddə olan kurkumin orqanizm tərəfindən zəif mənimsənildiyindən, bu alternativ ədviyyatlar sağlamlıq üçün daha effektiv ola bilər.
Mixək – Güclü antioksidant olan eugenol ilə zəngindir. Darçın və dəfnə yarpaqlarında da rast gəlinən bu maddə sayəsində mixək fenol tərkibinə görə zərdəçalı geridə qoyur. Ancaq mixək qan laxtalanmasını gecikdirə bilər, ona görə istifadədən əvvəl həkim məsləhəti vacibdir.
Darçın – Zərdəçaldan daha çox fenolik birləşmələrə malikdir. Koqnitiv funksiyaları dəstəklədiyi göstərilsə də, Cassia növündə olan kumarin maddəsi yüksək dozada qəbul edildikdə qaraciyərə zərər verə bilər.
Oreqano – Fenollar və flavonoidlər baxımından zəngindir. Tərkibində rosmarin turşusu, karvakrol və timol kimi potensial antitümör təsirli maddələr var. Qan durulaşdırıcı dərman qəbul edənlər üçün ehtiyatla istifadə olunmalıdır.
Kəklikotu – A və C vitaminləri, dəmir, kalium və maqneziumla yanaşı, şiş hüceyrələrinin inkişafını əngəlləyə bilən luteolin flavonoidi ilə seçilir.
Adaçayı – Rozmarin turşusu baxımından zəngindir. Bilişsel qabiliyyətləri gücləndirə, xolesterolu azalda bilər. Ancaq hamilə və süd verən qadınlara adaçayının çox istifadəsi tövsiyə olunmur.
Diyetoloq Barns vurğulayıb ki, antioksidantlar bədəni sərbəst radikalların zədələyici təsirindən qoruyur və bu maddələr qidalarla qəbul edilməlidir. Çünki bədən yalnız müəyyən miqdarda antioksidant istehsal edə bilir.
Tərcümə: Könül Oruc