Britaniyada yaşayan 51 yaşlı Kolette Kuper döş böyütmə əməliyyatından illər sonra nadir limfoma növünə yoluxduğunu öyrənib.
E-saglam.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Kuper bildirib ki, o, 2014-cü ildə döş implantı əməliyyatı etdirib və uzun müddət hər şeydən razı olub. Lakin 2025-ci ilin martında döşlərindən birində qeyri-adi şişkinlik müşahidə etdikdən sonra həkimə müraciət edib. Müayinə zamanı döşdən 250 ml maye çıxarılıb və analizlər nəticəsində implantlarla əlaqəli nadir bir limfoma – BIA-ALCL (implantla əlaqəli anaplastik böyükhüceyrəli limfoma) diaqnozu təsdiqlənib.
“Həkim bildirdi ki, bu, daha əvvəl toxumalı səthə malik implantlarda rast gəlinən bir növ xərçəngdir. Hazırda bu tip implantlar bazardan çıxarılıb və istifadəsi qadağandır. Amma mən onların belə bir risk daşıdığını bilmirdim”, – deyə Kuper bildirib.
Kuper əlavə edib ki, o, uğurlu əməliyyatla həm implantları, həm də əzələ toxumasının kiçik bir hissəsini çıxartdırıb və hazırda müalicəyə davam edir. Qadın təhlükəli implantları istehsal edən ABŞ şirkətindən rəsmi şəkildə təzminat tələb etməyi planlaşdırır.
Tərcümə: Könül Oruc