Tibbi xəbərlər
Dünyada ən çox istifadə edilən ağrıkəsicidə
Tibbi xəbərlər
201

Dünyada ən çox istifadə edilən ağrıkəsicidə ciddi risk aşkarlanıb

Tylenol və Panadol kimi tanınan asetaminofen (parasetamol) haqqında aparılan yeni araşdırma bu dərmanın düşündüyümüzdən daha çox təsirə malik olduğunu ortaya qoyub.

E-saglam.az xəbər verir ki, tədqiqat nəticələrinə görə, asetaminofen istifadə edən şəxslər riskli vəziyyətlərə qarşı daha az qorxu və narahatlıq hiss edir, bu da onların daha tez-tez və ölçüsüz risk almalarına səbəb ola bilər.

Risk qavrayışı zəifləyir

Ohayo Dövlət Universitetinin nevroloqu Baldwin Way bildirib ki, asetaminofen sadəcə fiziki ağrını azaltmaqla kifayətlənmir, eyni zamanda insanın emosional reaksiyalarını zəiflədir, empatiya hissini azaldır və qərarvermə prosesinə təsir edə bilər. Onun sözlərinə görə, dərman riskli fəaliyyətlər zamanı yaranmalı olan neqativ emosiyaları – xüsusilə qorxunu – zəiflədir və nəticədə insan daha məsuliyyətsiz davranışlar sərgiləyə bilər.

Hər dörd amerikalıdan biri bu dərmandan istifadə edir

ABŞ-da əhalinin təxminən 25%-i hər həftə bu ağrıkəsicidən istifadə edir. Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu dərmanın davranışa təsiri geniş istifadə səbəbindən daha diqqətlə araşdırılmalıdır.

500 tələbə ilə aparılan təcrübə maraqlı nəticələr verdi

Tədqiqatda iştirak edən 500-dən çox tələbəyə ya 1000 mq asetaminofen, ya da plasebo verilib. Daha sonra iştirakçılar riskli bir simulyasiyada – şar şişirtmə oyunu – iştirak ediblər. Oyunun qaydası belədir: hər şişirmə ilə qazanc artır, lakin şar partlasa, qazanc itir. Asetaminofen qəbul edənlər, plasebo qrupuna nisbətən daha çox risk alıb və şarı daha çox şişirdiblər. Bu, onların narahatlıq səviyyəsinin daha az olduğunu göstərib.

Riskli qərarlar gündəlik həyatda da əksini tapa bilər

Tələbələr bungee jumping, təhlükəsizlik kəmərsiz maşın sürmək və gündəlik gəliri riskə atmaq kimi davranışlarla bağlı da sorğulara cavab veriblər. Asetaminofen qəbul edənlərin bir çoxu bu ssenariləri daha az təhlükəli qiymətləndirib.

Nəticə: Dərman narahatlığı azaldır, risk hissini zəiflədir

Tədqiqatçılar bildiriblər ki, bu dəyişikliklər dərmanın psixoloji təsiri ilə – yəni narahatlığın azalması ilə bağlı ola bilər. Dərman istifadəçiləri riskləri dərk etmədən qərar verə bilərlər.

Buna baxmayaraq, asetaminofen hələ də Ümumdünya Səhiyyə Təşkilatının əsas dərmanlar siyahısında yer almaqda davam edir. Alimlər bu dərmanın psixoloji və idrak funksiyalarına olan təsirini daha dərindən araşdırmaq üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun