Tibbi xəbərlər
Etalon Hospitalda daha bir qalmaqal: Tanınmış aktrisa əməliyyatdan sonra
Tibbi xəbərlər
126

Etalon Hospitalda daha bir qalmaqal: Tanınmış aktrisa əməliyyatdan sonra ağır fəsadlarla üzləşdi

Əldə etdiyimiz məlumata görə Türkiyə vətəndaşı olan azərbaycanlı tanınmış aktrisa Natavan Gümet İyulun 7-də Bakı şəhəri, Yeni Yasamalda yerləşən Etalon Hospitalda liposaksiya əməliyyatı keçirib.

E-saglam.az-ın məlumatına görə, o, əməliyyatdan əvvəl tibbi yoxlamalar zamanı ciddi səhlənkarlıqla qarşılaşıb. Belə ki, iki həyati vacib müayinə – damar dopleri və qarın boşluğu USM – ümumiyyətlə aparılmayıb.

Mənbənin verdiyi məlumata əsasən, bu cür kobud səhlənkarlıq aktrisanın həyatı üçün birbaşa təhlükə yaradıb. Damar dopleri analizi qan damarlarında tromb riskini üzə çıxarmaq üçündür və trombun ani ölümə səbəb ola biləcəyi tibbdə çox yaxşı bilinir. Bu ilin mart ayında məhz eyni fəsad – tromblaşma – nəticəsində cəmi 34 yaşlı qadın dünyasını dəyişib.

Əlavə olaraq, əməliyyatdan sonra tanınmış aktrisanın səhhətində ağırlaşmalar baş verib. Qarın boşluğunda mütəmadi olaraq maye toplanır. Aktrisa bu vəziyyətdə İstanbula qayıda bilmədiyi üçün planlaşdırdığı səfəri təxirə salmaq məcburiyyətində qalıb və hələ də müalicə alır.

Məlumat üçün bildirək ki, Etalon Hospital və Avrasiya Klinikası eyni şəxsin rəhbərliyində fəaliyyət göstərir. Bu isə xəstə hüquqlarının pozulması və tibbi səhlənkarlıqla bağlı məsuliyyətin bir mərkəzdə cəmlənməsi anlamına gəlir.

Xatırladaq ki, ölkədə son illərdə estetik əməliyyatlar zamanı baş verən tibbi səhvlər, ölüm halları və səhlənkarlıqla bağlı çoxsaylı faktlar ictimaiyyətdə narahatlıq doğurur. Hazırda müzakirəyə çıxarılan bu hal da həmin zəncirin bir hissəsi kimi görünür. Mövzu ilə bağlı aktrisa ilə əlaqə saxlamağa çalışsaq da bu barədə danışmaq istəmədiyini bildirdi. Bu barədə xəstəxanaya müraciət etdiyini onlardan xəbər gözlədiyini vurğuladı.

Qeyd: Qarşı tərəfin mövqeyini yayımlamağa açığıq.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun