Tibbi xəbərlər
Gözlər sağlamlığın aynasıdır: Hansı əlamətlərə
Tibbi xəbərlər
110

Gözlər sağlamlığın aynasıdır: Hansı əlamətlərə diqqət yetirməliyik?

Gözlər təkcə görmə funksiyasını yerinə yetirmir, həm də orqanizmdəki müxtəlif pozuntuların göstəricisinə çevrilə bilər. Gözlərdə baş verən bəzi dəyişikliklər bədənin ümumi sağlamlıq vəziyyəti barədə ciddi siqnallar verir.

E-saglam.az-ın verdiyi məlumata görə, bu barədə rusiyalı oftalmoloq Anton Kazantsev xəbərdarlıq edib.

O, bu dəyişikliklərə laqeyd yanaşmamağa çağırıb və onların arxasında bəzən çox ciddi xəstəliklərin dayandığını vurğulayıb.

"Gözlərin qızarması çox zaman yorğunluq və ya allergiya ilə əlaqələndirilir, lakin bu, daha ciddi pozuntuların əlaməti də ola bilər. Mütəmadi və izaholunmaz qızartı, xüsusilə baş ağrısı, başgicəllənmə və "uçan nöqtələrlə" müşayiət olunursa, bu hal arterial təzyiqin yüksəlməsi ilə bağlı ola bilər. Xroniki hipertoniya zamanı göz damarlarında mikroqırılmalar baş verir və bu da qızartıya səbəb olur. Eyni simptom şəkərli diabet zamanı da müşahidə oluna bilər. Diabetik retinopatiya nəticəsində torlu qişada damarlar zədələnir və bu, gözlərdə qızartı ilə özünü göstərir".

Kazantsev həmçinin bildirib ki, gözün qəfil və kəskin qızarması, güclü ağrı və görmənin zəifləməsi ilə müşayiət olunarsa, bu, qlaukomanın əlaməti ola bilər və təcili tibbi yardım tələb edir.

Həkim göz quruluğuna da toxunub.

"Bu hal təkcə kompüter qarşısında uzun müddət qalmaqla izah olunmur. Kazantsev qeyd edib ki, bəzi hallarda göz quruluğu autoimmun xəstəliklər - Şeqren sindromu və revmatoid artritlə bağlı ola bilər. Həmçinin qalxanabənzər vəzinin disfunksiyası - istər hipotiroidizm, istərsə də hipertiroidizm - göz yaşı ifrazını pozaraq quruluq yarada bilər".

Mütəxəssis göz ağının saralmasına da diqqət çəkib.

"Skleranın sarımtıl rəng alması qaraciyərlə bağlı problemlərin - hepatit və ya sirrozun göstəricisidir. Bu zaman qanda bilirubinin səviyyəsi artır və göz ağları saralır. Həmin əlamət dərinin rəngindəki dəyişikliklə də müşayiət oluna bilər".

"Göz almasının önə doğru çıxması - ekzoftalm - da sağlamlıqla bağlı xəbərdarlıq siqnalı sayılır. Bu simptom çox zaman Qreyvs xəstəliyinin - qalxanabənzər vəzin autoimmun patologiyasının əlamətidir. Bu xəstəlik hormon ifrazının artması ilə xarakterizə olunur və ürəkdöyünmə, tərləmə, təşviş kimi digər simptomlarla da özünü göstərə bilər.

Görmədə ikilənmələr - diplopiya - də təhlükəli əlamətlərdən sayılır. Bu hal bəzən adi yorğunluqdan qaynaqlansa da, eyni zamanda nevroloji xəstəliklərin, o cümlədən insult və ya dağınıq sklerozun göstəricisi ola bilər. Bu vəziyyət göz hərəkətinə cavabdeh əzələlərin və ya sinirlərin zədələnməsi ilə bağlı ola bilər", - deyə Kazantsev əlavə edib.

Mütəxəssis həmçinin vurğulayıb ki, qəfil və qısamüddətli görmə itkisi belə ciddi xəbərdarlıqdır.

"Bu, insult, torlu qişanın damarlarının tıxanması və ya torlu qişanın qopması kimi vəziyyətlərlə əlaqəli ola bilər. Bu hallarda dərhal həkimə müraciət olunmalıdır", - deyə o sözlərini yekunlaşdırıb.

Oxu.az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun