Yeni araşdırma göstərir ki, kişilər güclü stress altında qadınlara nisbətən daha çox xəyanət edir.
E-saglam.az-ın məlumatına görə, İndiana Universiteti Bloomington tərəfindən aparılan araşdırma, Covid-19 pandemiyasının ilk ili ərzində mindən çox heteroseksual iştirakçını əhatə edib. İştirakçılardan tərəfdaşlarının xəyanət hesab edəcəyi davranışları edib-etmədikləri soruşulub.
Nəticələr göstərir ki, iştirakçıların 19 faizi pandemiya zamanı onlayn və ya şəxsən xəyanət etdiyini etiraf edib. Bu dövrdə kişilərin aldatmaq meyli qadınlara nisbətən daha yüksək olub.
Stress və xəyanət
Mütəxəssislər bildirirlər ki, kişilər stresli vəziyyətlərə daha həssasdır və bu şəxslər xüsusi dəstək proqramlarından faydalana bilər. Tapıntılar PLOS One elmi jurnalında dərc olunub.
Araşdırma həmçinin uşaqları olan cütlüklərin övladı olmayanlara nisbətən daha çox xəyanət etdiyini göstərib. Bu qrupda həm atalar, həm də analar oxşar nisbətdə xəyanət göstəriblər.
Yaş və xəyanət riski
Ətraflı təhlillər göstərir ki, yaşlı iştirakçıların aldatma ehtimalı daha yüksəkdir. Mütəxəssislər bunun uzun müddətli stressin əlaqələrdən məmnunluğu azaltması ilə bağlı ola biləcəyini qeyd edirlər.
Əvvəlki tədqiqatlar da pandemiyanın bir çox romantik və cinsi münasibətləri gərginləşdirdiyini ortaya qoymuşdur. ABŞ-də 50 ildən artıqdır ki, sosial davranışı izləyən Ümumi Sosial Tədqiqatın məlumatlarına görə, evli şəxslərin təxminən 10 faizi hər il həyat yoldaşını aldadır. Bu nisbət kişilər üçün 12%, qadınlar üçün isə 7% olaraq ölçülür. Böyük Britaniyada nikahların təxminən üçdə biri boşanma ilə sona çatır və xəyanət ən çox göstərilən səbəblərdən biridir.
Fiziki xüsusiyyətlərin təsiri
Tədqiqatın digər maraqlı tapıntısı fiziki xüsusiyyətlərlə bağlıdır. Daha geniş, kvadrat üz formasına malik şəxslərin cinsi istəkləri daha yüksək olur. Bu şəxslərin təsadüfi cinsi əlaqəyə girmə və tərəfdaşlarına xəyanət etmə ehtimalı da daha yüksəkdir. Əvvəlki araşdırmalar da müəyyən üz nisbətlərinin psixoloji və davranış meylləri ilə əlaqəli ola biləcəyini göstərmişdi.
Ümumiyyətlə, geniş üzlü kişilər daha aqressiv, dominant və qısamüddətli əlaqələr üçün cəlbedici kimi qəbul olunur.
Tərcümə: Könül Oruc