Corciya Universitetinin amerikalı alimləri xaricdən gətirilən krevet və dəniz tarakalarında təhlükəli bakteriyalar tapıblar.
E-saglam.az xəbər verir ki, bu bakteriyaların tərkibində güclü antibiotiklərdən biri olan kolistinə qarşı müqavimət göstərən "mcr" genləri müəyyən edilib.
Tədqiqatın nəticələri “mSphere” elmi jurnalında dərc olunub.
Kolistin adətən digər antibiotiklər təsir etmədikdə, son çıxış yolu kimi istifadə olunur. Ancaq "mcr" genləri bu dərmana qarşı müqavimət yaradır və bu genlər bir bakteriyadan digərinə plazmid adlanan DNT fraqmentləri ilə ötürülə bilər. Bu da infeksiyanın daha geniş yayılmasına səbəb olur.
Alimlər tədqiqat zamanı Atlanta şəhərinin bazarlarında satılan xarici mənşəli dəniz məhsullarını analiz ediblər və bu məhsullarda ilk dəfə "mcr" genləri daşıyan bakteriyalar aşkar ediblər. Qeyd edilib ki, yerli istehsal olan dəniz məhsullarında belə təhlükəli bakteriyalara rast gəlinməyib.
Mütəxəssislər bildirirlər ki, bir çox ölkədə kolistin uzun illər heyvandarlıq sahəsində geniş istifadə edilib, bu da bakteriyaların dərmana qarşı müqavimətini artırıb. Bu gün isə həmin antibiotik təkrar tibbdə vacib müalicə vasitəsinə çevrilib, lakin artıq effektivliyi zəifləyir.
Alimlər xəbərdarlıq edirlər ki, antibiotikə davamlı bakteriyalar hər il yüz minlərlə insanın ölümünə səbəb olur. Qida məhsullarında bu genlərin tapılması isə onu göstərir ki, təhlükəli bakteriyalar yalnız xəstəxana yolu ilə deyil, qida vasitəsilə də insan orqanizminə keçə bilər.
Tərcümə: Könül Oruc