Vitaminləri özbaşına qəbul etmək olarmı, C vitamini niyə bəzən zərərli sayılır və autizmin müalicəsində vitaminlər kömək edirmi?
E-saglam.az vitaminlər haqqında 8 faktı sizə təqdim edir:
Fakt 1. Qida və əlavələrdəki vitaminlər
vitaminlər — müxtəlif kimyəvi tərkibli orqanik maddələrdir. Onlar qidada az miqdarda olur, amma orqanizm üçün yağ, zülal və karbohidratlar qədər vacibdir. Biz vitaminləri birbaşa — bitki mənşəli qidalarla və ya dolayı — heyvani məhsullarla qəbul edirik.
Keçən əsrdə alimlər vitaminləri laborator şəraitdə sintez etməyi öyrəndilər. Bu da tablet şəklində qida əlavələrinin yaranmasına səbəb oldu. Tamamilə təbii tərkibli tablet olsaydı, ölçüsü golf topu qədər olardı. Sintetik vitaminlər çox vaxt təbii analoqları qədər, bəzən isə daha yaxşı mənimsənilir. İstisna vitamin E-dir — o, təbii formada iki dəfə yaxşı sorulur. Buna görə də əksər əlavələrdə təbii vitamin E istifadə olunur.
Maraqlıdır ki, bəzi maddələr ənənəvi olaraq “vitamin” adlansa da, əslində elə deyil. Məsələn, D vitamini əslində prohormondur, çünki orqanizm onu günəş işığının təsiri altında özü sintez edə bilir.
Fakt 2. Skorbut və vitaminlərin kəşfi
XVIII əsrdə şotland həkim Ceyms Lind dənizçilərdə geniş yayılmış skorbut xəstəliyini araşdırarkən ilk klinik sınaqları keçirdi. Xəstəlik diş ətinin qanaması, zəiflik və dişlərin tökülməsi ilə müşahidə olunurdu. Lind 12 dənizçini seçərək müxtəlif pəhrizlərlə qruplara ayırdı. Limon və portağal qəbul edənlər qısa müddətdə sağaldılar. Beləcə, sitrus meyvələrindəki maddələrin skorbutun qarşısını aldığını sübut etdi.
Onun 1753-cü ildə nəşr olunan traktatı vitaminlərin kəşfinə aparan elmi axtarışların başlanğıcı sayılır. Skorbutun səbəbi olan C vitamini (askorbin turşusu) isə yalnız 175 il sonra aşkar edildi. Maraqlıdır ki, bu vitaminin miqdarı sitruslarda az, qırmızı bolqar bibərində isə qat-qat çoxdur.
Fakt 3. Vitaminlər və xərçəng riski
1970-ci illərdə Nobel mükafatı laureatı Laynus Polinq vitaminlərin xərçəng riskini azaltdığını iddia edirdi. Lakin sonrakı tədqiqatlar bu fikri təsdiqləmədi. Əksinə, bəzi hallarda vitamin əlavələri xərçəng riskini artırdığı göstərildi.
Məsələn, 1990-cı illərdə Finlandiyada 29 min siqaret çəkən kişi üzərində aparılan araşdırma nəticəsində məlum oldu ki, 5 ildən artıq beta-karotin qəbul edənlərdə ağciyər xərçəngi riski 18% çoxdur. Oxşar tədqiqatda vitamin A və beta-karotin qəbul edənlərdə xəstəliyin halları iki dəfə artdığı üçün araşdırma yarımçıq dayandırıldı.
2011-ci ildə Minnesota Universitetinin alimləri müəyyən etdilər ki, multivitamin qəbul edən qadınlarda ölüm riski daha yüksəkdir. 50 yaşdan yuxarı kişilərdə aparılan tədqiqat isə göstərdi ki, E vitamini qəbul edənlərdə prostat xərçəngi ehtimalı artır.
Fakt 4. Laynus Polinqin faciəvi hekayəsi
Amerikalı kimyaçı, ikiqat Nobel laureatı Laynus Polinq C vitamininin fəal təbliğatçısı idi. O, bu ideyaya başqa bir kimyaçının məktubundan sonra inanmağa başladı. Həmin məktubda deyilirdi ki, yüksək dozalarda C vitamini ömrü uzadır. Polinq gündəlik normanı 50 dəfə artıraraq qəbul etməyi məsləhət görürdü və 1970-ci ildə “C vitamini və soyuqdəymə” adlı kitab yazdı. Kitab bestseller oldu, C vitamini satışları isə dörd dəfə artdı.
Ancaq bu iddialar elmi sübutlara deyil, şəxsi müşahidələrə əsaslanırdı. Sonrakı illərdə aparılan tədqiqatlar onun nəzəriyyəsini təsdiqləmədi. Daha sonra Polinq C vitamininin xərçəngi də sağalda biləcəyini irəli sürdü, amma bu da elmi əsas tapmadı.
İronik şəkildə, həyat yoldaşı mədə xərçəngindən, Polinq isə prostat xərçəngindən vəfat etdi — hər ikisi gündəlik yüksək dozada C vitamini qəbul edirdi.
Fakt 5. Vitaminlərlə zəhərlənmə
Vitaminlər düşündüyümüz qədər zərərsiz deyil. Onların artıq dozası orqanizmdə zəhərlənmə yarada bilər. Ən təhlükəlisi multivitamin kompleksləridir, çünki onların tərkibindəki dəmir və kalsium kimi maddələr yüksək dozada ölümcül ola bilər.
Əlamətlər çox müxtəlif olur: sidiyin rənginin dəyişməsi, ürək döyüntüsünün artması, başgicəllənmə, saç tökülməsi, sümüklərdə ağrı və s. Bu kimi hallarda dərhal həkimə müraciət edilməlidir.
Məsələn, B3 vitamini dəridə qaşınma və qızartı yarada bilər. D və A vitaminlərinin uzunmüddətli artıq qəbulu isə ürək və böyrəklərdə kalsium çökməsi, sümüklərin kövrəkləşməsi və təzyiq artımı ilə nəticələnə bilər.
Fakt 6. D vitamini və şizofreniya riski
D vitamini çatışmazlığı uzun müddətdir ki, depressiya və beyin fəaliyyətinin pozulması ilə əlaqələndirilir. Avstraliyalı alim Con MakQrat 800 uşaq üzərində apardığı araşdırmada göstərdi ki, doğuş zamanı bu vitaminin çatışmazlığı olan uşaqlar böyüdükdə şizofreniyaya daha çox meyllidirlər.
Lakin həkimlər hələ də hamilə qadınlara bu səbəbdən vitamin əlavələri yazmağa tələsmirlər. Çünki bəzən D vitamini çox olan körpələrdə də eyni risk müşahidə olunur. Bunun səbəbi orqanizmin bu maddəni aktiv formaya çevirə bilməməsi ola bilər, amma bu fərziyyə hələ elmi sübut tapmayıb.
Fakt 7. Antioksidantlar və Altsheymer xəstəliyi
Niderlandın Erasmus Universitetinin alimləri 55 yaşdan yuxarı 5 mindən çox insanı müşahidə etdilər. Onların nəticələrinə görə, siqaret çəkənlərdə Altsheymer xəstəliyinin riski daha yüksəkdir, lakin C və E vitaminləri ilə zəngin qidalar yeyən siqaret çəkənlərdə bu risk daha azdır.
C və E vitaminləri antioksidant təsirə malikdir — yəni sərbəst radikalları zərərsizləşdirərək beyin hüceyrələrini qoruyur. Oksford alimlərinin başqa bir tədqiqatı isə göstərib ki, B6 və B12 vitaminləri yaşlı insanlarda yaddaş və idrak zəifləməsini 30% ləngidə bilər.
Amma mütəxəssislər yenə də özbaşına vitamin qəbul etməyi məsləhət görmürlər — bu, artıq dozaya və əlavə fəsadlara səbəb ola bilər.
Fakt 8. Autizm və vitaminlər
Autizm sosial qarşılıqlı əlaqənin pozulması ilə xarakterizə olunan inkişaf pozuntusudur. Autizmli şəxslərdə tez-tez həzm problemləri də müşahidə olunur. Bu, çox məhdud pəhrizlə qidalanmaları ilə əlaqədardır və nəticədə bəzi vitamin və mineralların çatışmazlığı yaranır.
Avitaminoz əsəbilik, hiperaktivlik və diqqət dağınıqlığına səbəb ola bilər. Buna görə də vitamin əlavələri bəzən simptomları azalda bilər.
Lakin bu istiqamətdə aparılan araşdırmalar hələ az və nəticələr qeyri-müəyyəndir. Arizona Universitetinin tədqiqatında elmi cəhətdən ciddi yaxşılaşma qeydə alınmasa da, valideynlər uşaqların daha sakit və az aqressiv olduğunu bildiriblər.
Hazırda həkimlər vitaminləri yalnız laborator analiz nəticəsində, hansı maddənin çatışmadığı müəyyənləşdikdən sonra qəbul etməyi tövsiyə edirlər. Əks halda hipervitaminoz yaranaraq vəziyyəti daha da pisləşdirə bilər.
Tərcümə: Nəzrin Abbas