Ağciyərləri təmizləmək, xüsusilə siqaret çəkmisinizsə, hava çirkliliyinə məruz qalmısınızsa və ya tənəffüs yolu xəstəliyi keçirmisinizsə, çox vacibdir.
E-saglam.az xəbər verir ki, ağciyərlər müəyyən müddət ərzində özünü təbii şəkildə təmizləyə bilir, lakin bu prosesi sürətləndirmək üçün bəzi üsullar var.
1. Təmiz hava ilə nəfəs almaq
Siqaret və passiv siqaret tüstüsündən uzaq durmaq lazımdır. Hava çirkliliyinin yüksək olduğu saatlarda çölə çıxmamaq, evdə hava təmizləyici cihazlardan və oksigen artıran bitkilərdən istifadə etmək faydalıdır.
2. Dərin nəfəs məşqləri
Dərin nəfəs almaq ağciyər həcmini artırır və oksigen səviyyəsini yüksəldir. Gündə 10 dəqiqə boyunca burundan dərin nəfəs alıb, bir neçə saniyə tutub, yavaşca ağızdan vermək ağciyərlərin daha yaxşı işləməsinə kömək edir.
3. Fiziki aktivlik
Daimi gəzinti, qaçış, üzgüçülük və ya velosiped sürmək ağciyərləri gücləndirir. İdman zamanı bədən tərlədiyi üçün toksinlərin atılması sürətlənir.
4. Bitki çayları və təbii dəstək
Zəncəfil, nanə, zərdəçal və kəklikotu çayları ağciyərlərdə iltihabı azaldır, bəlğəmi yumşaldır və tənəffüsü asanlaşdırır. Bu çayları gündə 1-2 fincan içmək kifayətdir.
5. Bol su içmək
Su bəlğəmin yumşalmasına və ağciyərlərin təmizlənməsinə kömək edir. Gündə 2–2,5 litr su içmək məsləhətdir.
6. Buxar inhalasiyası
Qaynar suya nanə və ya okalipt yağı əlavə edib buxarı 5-10 dəqiqə dərin nəfəs almaq nəfəs yollarını nəmləndirir və bəlğəmi azaldır.
7. Sağlam qidalanma
Alma, brokoli, sarımsaq, yerkökü və yaşıl yarpaqlı tərəvəzlər kimi antioksidantla zəngin qidalar ağciyər hüceyrələrini bərpa etməyə kömək edir.
8. Siqareti tərgitmək
Siqareti tərgidikdən sonra ağciyərlər 2-3 həftə ərzində özünü bərpa etməyə başlayır və bir ildən sonra nəfəs alma funksiyası xeyli yaxşılaşır.
9. Həkimə müraciət
Uzunmüddətli öskürək, bəlğəm və nəfəs darlığı kimi əlamətlər varsa, ağciyər həkiminə müraciət edilməli, rentgen və ya tomoqrafiya müayinəsi aparılmalıdır.
Tərcümə: Nəzrin Abbas