Bütün vaxtı keçmiş məhsullar zərərli deyil — bəziləri istifadə üçün tam yararlıdır.
E-saglam.az xəbər verir ki, bu barədə həkimlər, “Roskontrol” mütəxəssisləri və qida paylaşımı ilə məşğul olan könüllülər “Gazeta.Ru”ya danışıb.
SSRİ dövründə yaşayan insanlar üçün qida israfı anlayışı demək olar ki, yox idi — məhsul tapmaq böyük zəhmət və vaxt tələb edirdi. Ona görə də indi belə bir çoxları vərdişə sadiq qalaraq ərzaqlardan maksimum istifadə etməyə çalışır. Məsələn, turşumuş südü blin üçün, bərkimiş çörəyi suxarıya, vaxtı keçmiş kəsmiyi isə sıyıra çevirirlər. Amma bu nə dərəcədə təhlükəsizdir?
Vaxtı keçmiş və xarab olmuş məhsul — fərqli anlayışlardır.
Beynəlxalq İntegrativ Qidalanma İnstitutunun təsisçisi, qidalanma üzrə mütəxəssis Nata Qonçar bildirir ki, xarab olmuş məhsullar sağlamlıq üçün təhlükəlidir və hətta bişirildikdə belə istifadəsi yolverilməzdir. Buraya iylənmiş ət, kif basmış çörək, çürümüş meyvə-tərəvəz və turşumuş süd məhsulları daxildir.
Vaxtı keçmiş məhsullar isə başqa məsələdir. Qonçarın sözlərinə görə, uzunmüddətli saxlanma qabiliyyətinə malik məhsullar (məsələn, makaron, konfet, konservləşdirilmiş qidalar, bal, dondurulmuş yarımfabrikatlar, dənli bitkilər, yumurta və s.) istifadə oluna bilər — əsas odur ki, onların üzərində kif, pis qoxu və ya çürümə əlaməti olmasın.
Həkimlər nədən xəbərdarlıq edir:
“Roskontrol” ekspert mərkəzinin baş mütəxəssisi İrina Arkatova isə bu məsələyə ehtiyatla yanaşır və vaxtı keçmiş məhsulların yeyilməsini qətiyyən tövsiyə etmir. O bildirir ki, istehsalçı yalnız məhsulun müəyyən olunmuş yararlılıq müddəti ərzində onun təhlükəsizliyinə cavabdehdir. Bundan sonrakı məsuliyyət istehlakçının öz üzərinə düşür.
Arkatovanın fikrincə, xüsusilə termik emala məruz qalmayan məhsullar — kolbasa, ət məmulatları və s. — sağlamlıq üçün təhlükə yaradır. Belə məhsullar allergiya, həzm pozğunluğu, ağır zəhərlənmə, qaraciyər zədələnməsi və hətta parazitar infeksiyalarla nəticələnə bilər.
Endokrinoloq Natalya Antonova əlavə edir ki, müddəti bitmiş məhsullarda mikroorqanizmlər toksin ifraz edir və bu toksinlər yüksək temperaturda belə məhv olmur. Onun sözlərinə görə, “120–130 dərəcədə bişirmə prosesi mikrobları öldürsə də, toksinləri zərərsizləşdirmir. Bu maddələr orqanizm üçün çox təhlükəlidir və hətta ölümcül zəhərlənmələrə səbəb ola bilər.”
Xüsusilə evdə hazırlanmış konservlər və turş süd, ət məhsulları “Clostridium botulinum” toksinini daşıya bilər. Bu bakteriya botulizm xəstəliyinə yol aça bilər ki, bu da ifliclə nəticələnən ağır toksik infeksiyadır.
Bəs praktikada necə olur?
Mütəxəssislərin xəbərdarlıqlarına baxmayaraq, bir çox ölkədə, o cümlədən Rusiyada, vaxtı keçmiş, amma xarab olmayan məhsullar yenidən istifadə olunur. Bəzi insanlar bunu iqtisadi səbəblərlə, digərləri isə qida tullantılarının azaldılması məqsədilə edir.
Avropada bu məqsədlə “foodsharing” (qida paylaşımı) layihələri fəaliyyət göstərir. İştirakçılar sosial şəbəkələrdə artıq ehtiyac duymadıqları ərzaqları pulsuz paylaşırlar. Rusiyada da bu hərəkat son illərdə aktiv inkişaf edir.
“Foodsharing – Pulsuz yemək payıram” qrupunun yaradıcısı Saşa Lyogkaya bildirir:
“Bizə əsasən mağazalar və adi insanlar müraciət edir. Məsələn, yaxınlarda bal və quru meyvə qəbul etmişdik. Balın ümumiyyətlə konkret yararlılıq müddəti yoxdur, quru meyvələr isə bir qədər bərkimişdi, amma xarab deyildi. İnsanlar bunu həm qənaət, həm də ekologiya baxımından faydalı hesab edirlər.”
Evdar qadınların təcrübəsi:
Üç uşaq anası Yekaterina Simanoviç vaxtı keçmiş məhsullardan yalnız bəzi hallarda istifadə edir. Onun sözlərinə görə, bu, ailə büdcəsinə qənaət edir, lakin həssas qruplar – uşaqlar, hamilə və əmizdirən qadınlar üçün belə riskli təcrübə yolverilməzdir.
Simanoviç hesab edir ki, məhsulda kif, pis qoxu və ya selik varsa, onu heç bir halda istifadə etmək olmaz. Onun sözlərinə görə, donuzdurmaq da belə məhsulu xilas etmir — əridildikdə çürümə prosesi davam edir.
Bununla belə, bəzi məhsullar “ikinci həyat” qazana bilər:
Turşumuş süd — blin və ya kəsmikli piroq üçün;
Bir az bərkimiş çörək — suxarı, kruton və ya kotletlər üçün un;
Solğun tərəvəz və meyvələr — sous, şirə və ya piroq üçün;
Qəhvəyi bananlar — bananlı çörək, desert və ya ev dondurması üçün.
Simanoviçin fikrincə, əsas məsələ — məhsulun vəziyyətinə diqqətlə baxmaq və şübhə doğurarsa, tullamaqdan çəkinməməkdir:
“Pul xərclənib deyə sağlamlığı riskə atmağa dəyməz. Amma bir çox ərzağa düzgün yanaşdıqda ikinci şans vermək olar".
Tərcümə: Nəzrin Abbas