Psixoloq Yuliya Tokarçuk bildirir ki, uşaqların rəsmləri onların daxili dünyasını, emosional vəziyyətini və münasibətlərini əks etdirir. Uşaqlar çox vaxt sözlə ifadə edə bilmədiklərini şəkillərlə göstərirlər.
E-saglam.az xəbər verir ki, tokarçukun sözlərinə görə, rəsmlərin rəng seçimi, xətlərin gücü, detalların bolluğu və surətlərin ölçüləri uşağın ruh halı barədə ipucu verir.
“Məsələn, çoxlu düzəlişlər və silinmiş xətlər uşağın narahat və ya özünə inamsız olduğunu göstərə bilər. Güclü basqı ilə çəkilmiş xətlər isə emosional gərginliyin və impulsivliyin əlamətidir,” — deyə psixoloq izah edir.
Rənglərin mənası
-
Parlaq rənglər (sarı, qırmızı, narıncı) — aktivlik və pozitivlik.
-
Tünd və soyuq çalarlar (boz, qara, mavi) — kədər, qorxu və ya narahatlıq.
-
Çoxlu qırmızı rəng — aqressiya və daxili gərginlik.
-
Qara rəngin üstünlüyü — depressiv əhval və sıxıntı.
Rəsmdə insan fiqurları
Psixoloq qeyd edir ki, insanın ölçüsü və yeri də vacib siqnaldır:
-
Özünü çox böyük çəkmək — yüksək özünəinam və diqqət istəyi.
-
Kiçik və kənarda təsvir etmək — özünə inamsızlıq və tənha hisslər.
-
Ailənin bir üzvünü çox böyük və detallı çəkmək — o şəxsin ailədə dominant rolunu göstərir.
-
Kimin isə uzaqda çəkilməsi — emosional məsafə və əlaqə çatışmazlığıdır.
Tokarçuk əlavə edir ki, uşağın rəsmini düzgün anlamaq üçün onunla söhbət aparmaq vacibdir: “Rəsm tək başına diaqnoz deyil, lakin uşağın hisslərini başa düşmək üçün güclü vasitədir".
Tərcümə: Nəzrin Abbas