Sağlamlıq
Niyə hıçqırıq yaranır və ondan necə tez qurtulmaq olar? –
Sağlamlıq
279

Niyə hıçqırıq yaranır və ondan necə tez qurtulmaq olar? – Həkimlər izah edir

Hıçqırıq həm böyüklərdə, həm uşaqlarda, hətta ana bətnindəki döl zamanı da müşahidə oluna bilər. Həkimlər onun səbəbləri və ondan xilas olmağın effektiv yolları barədə danışıb.

Hıçqırıq nədir və niyə yaranır?

Gastroenteroloq Yevgeni Belousovun sözlərinə görə, hıçqırıq diafraqma və qabırğaarası əzələlərin ani yığılması nəticəsində yaranan refleksdir. Bu zaman nəfəs kəsilir və xarakterik “hik” səsi eşidilir.

“Hıçqırıq adətən beyinlə diafraqma arasında yerləşən vagus sinirinin qıcıqlanması nəticəsində baş verir. Bu sinir qida borusu, tənəffüs və həzm sisteminə təsir edir. Onun sıxılması və ya qıcıqlanması hıçqırığa səbəb olur,” – deyə həkim izah edir.

Səbəblər arasında:

çox sürətli yemək yemək və ya böyük tikə udmaq,

gülərkən və ya qorxanda havanı udmaq,

spirtli və qazlı içkilər,

çox isti və ya çox soyuq yemək,

stress və yorğunluq yer alır.

Bu hallarda hıçqırıq qısa müddət çəkir və təhlükəli sayılmır.

Hıçqırığı tez dayandırmağın sadə üsulları

Belousovun dediyinə görə, aşağıdakı üsullar qısamüddətli hıçqırıqda kömək edə bilər:

Nəfəsi saxlamaq – 10–20 saniyəlik nəfəsin saxlanması və yavaş verilməsi sinirləri sakitləşdirir.

Dilin çıxarılması – dili bir neçə saniyəlik mümkün qədər uzatmaq refleksi dəyişir.

Bir neçə qurtum soyuq su içmək – xüsusilə kiçik qurtumlarla və ya boru ilə içmək faydalıdır.

Dadı güclü qidalar – bir az duz, şəkər və ya limon dilimi dad reseptorlarını aktivləşdirərək hıçqırığı kəsə bilər.

Qulaqları bağlamaq – barmaqları 20–30 saniyə qulağın arxasına sıxmaq və ya eyni anda su içmək də təsir edə bilər.

Bədən hərəkətləri ilə hıçqırığı aradan qaldırmaq

Fitnes mütəxəssisi Ruslan Panovun sözlərinə görə, diafraqmanı rahatlatmaq üçün sadə hərəkətlər də kömək edə bilər:

Dərin nəfəs alıb əlləri yuxarı qaldırmaq, sonra yavaş-yavaş əyilərək nəfəsi buraxmaq.

Yüngül qarın əzələsi hərəkətləri (press) etmək.
Bu məşqlər sinir sistemini sakitləşdirir və hıçqırığı azalda bilər.

Hıçqırıq nə vaxt təhlükəlidir?

Əgər hıçqırıq bir neçə gün və ya həftə təkrarlanırsa, bu, ciddi xəstəliklərin əlaməti ola bilər.
Belousovun sözlərinə görə, uzunmüddətli hıçqırıq aşağıdakı problemlərlə bağlı ola bilər:

mədə və diafraqma qıcığı,

sinir sistemi pozğunluqları,

ağciyər və ürək qişası iltihabı,

qida borusu və ya mədəaltı vəz nahiyəsində şişlər,

şəkərli diabet və ya öd kisəsi xəstəlikləri.

Bu hallarda mütləq həkimə müraciət etmək lazımdır.

Hamiləlik zamanı hıçqırıq:

Ginekoloq Yekaterina Fyodorova bildirir ki, hamilə qadınlarda hıçqırıq daxili orqanların sıxılması və hormonal dəyişikliklərlə bağlı ola bilər.

“Kömək üçün az-az, lakin tez-tez qidalanmaq, çox yağlı və ədviyyatlı yeməklərdən uzaq durmaq, bir neçə qurtum su içmək və qısa nəfəs saxlamaq kifayətdir,” – deyə həkim məsləhət görür.

O, həmçinin qeyd edir ki, dölün ana bətnində hıçqırması normal haldır və adətən gün ərzində 1–2 dəfə baş verir. Lakin bu vəziyyət çox uzanarsa və uşaq qeyri-adi dərəcədə aktiv və ya sakit olarsa, həkimlə məsləhətləşmək lazımdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun