Məhsuldarlıq üzrə mütəxəssis Günay Salayeva bildirib ki, düzgün qidalanma kişilərdə spermaların sayı və keyfiyyətinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, zəif qidalanma reproduktiv funksiyanın azalmasına səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, Salayeva aif.ru-ya müsahibəsində kişi məhsuldarlığını artırmaq üçün vacib olan qidaları sadalayıb. O vurğulayıb ki, sperma əmələ gəlməsi mürəkkəb prosesdir və bu zaman hormon balansı, bədən temperaturu, eləcə də sink, selenium, fol turşusu, D vitamini, L-karnitin və antioksidantların rolu böyükdür.
Mütəxəssisə görə, istiridyə və balqabaq toxumları sink, maqnezium, sağlam yağlar və antioksidantlarla zəngindir. Seleniumun əsas mənbələri isə Braziliya qoz-fındığı və yumurtadır. Yumurtada eyni zamanda D və B12 vitaminləri də mövcuddur ki, bu da kişi sağlamlığı üçün mühümdür.
Salayeva həmçinin kişilərə yağlı balıq yeməyi tövsiyə edib. Onun sözlərinə görə, bu məhsul testosteron səviyyəsini tənzimləyən D vitamini və sperma hüceyrələrinin formalaşması üçün vacib olan omeqa-3 yağ turşuları ilə zəngindir.
Pəhrizdə tünd yaşıl yarpaqlı göyərtilər, pomidor, avokado və yerkökü də olmalıdır. Bu məhsullar vitamin və antioksidant kompleksi ilə spermaların keyfiyyətini yaxşılaşdırır. Sperma hüceyrələrini zədələnmədən qorumaq üçün həkim tünd şokolad və zerdeçalın da qidalanmaya daxil edilməsini məsləhət görür.
Daha əvvəl həkim Elena Pavlova kişi potensialını zəiflədən qidaları açıqlayaraq, fast food və duzlu məhsullardan uzaq durmağın reproduktiv sağlamlıq üçün vacib olduğunu bildirmişdi.
Tərcümə: Nəzrin Abbas