Sağlamlıq
Mütəxəssislər kişilərdə saqqal çıxmamasının gizli
Sağlamlıq
121

Mütəxəssislər kişilərdə saqqal çıxmamasının gizli səbəblərini açıqlayıb

Dermatoloq Paul Farrant və diyetoloq Amanda Şerif kişilərdə saqqal çıxmamasının və saqqal tökülməsinin az bilinən səbəblərini açıqlayıb.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu proseslər bəzən genetik və hormonal amillərlə əlaqəlidir.

Farrant bildirib ki, üzdəki tüklərin sıxlığı orqanizmin dihidrotestosteron (DHT) hormonuna olan həssaslığından asılıdır. Həkimin sözlərinə görə, bu həssaslıq genetik olaraq müəyyən edilir. DHT-yə qarşı həssaslıq yüksək olduqda kişinin saqqalı daha dolğun olur, lakin bu zaman başdakı saçların tökülmə ehtimalı da artır.

Dermatoloq əlavə edib ki, saqqal artımını bəzi xüsusi əlavələr vasitəsilə artırmaq mümkündür, lakin bu, yalnız həkim nəzarəti altında həyata keçirilməlidir.

Diyetoloq Amanda Şerif isə qeyd edib ki, çox vaxt düzgün qidalanma saqqal artımını dəstəkləmək üçün kifayətdir:

“Sağlam qidalanmaq saqqalın ən yaxın dostudur. Saçlar zülaldan ibarətdir, ona görə də amin turşuları ilə zəngin qidalar — ət, balıq, mərcimək və yumurta yemək lazımdır,” — deyə mütəxəssis bildirib.

Şerif əlavə edib ki, skumbriya, qızılbalıq, qoz-fındıq və avokado kimi sağlam yağlarla zəngin məhsullar hormon istehsalını dəstəkləyir. O, həmçinin orqanizmin lazımi vitamin və mineralları alması üçün istiridyə, balqabaq toxumu və tam taxılların rasiona daxil edilməsini tövsiyə edib.

Bununla belə, mütəxəssis pəhriz əlavələrinin saqqal böyüməsini stimullaşdırmaq üçün etibarsız olduğunu bildirib və bu cür vasitələrin saç uzatma dərmanları ilə birlikdə istifadəsinin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.

Diyetoloq VJ Hamilton isə daha əvvəl bəzi içkilərin keçəlliyə səbəb ola biləcəyini açıqlayıb. O, xüsusilə şəkərli qazlı içkilərin saç tökülməsinə təsir etdiyini qeyd edib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun