Rahatladıcı təsiri ilə tanınan çobanyastığı çayı çoxları tərəfindən yuxusuzluq və stressə qarşı təbii vasitə kimi istifadə olunur. Lakin mütəxəssislər bildirir ki, bu bitki çayı sanıldığı qədər zərərsiz deyil.
E-saglam.az xəbər verir ki, həddindən artıq qəbul edildikdə bəzi dərmanlarla qarşılıqlı təsirə girərək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Tövsiyə olunan miqdar:
Mütəxəssislər gündə 1–3 fincan arasında çobanyastığı çayı içilməsini məsləhət görür. Bu miqdardan çox içildikdə mədə bulantısı, allergik reaksiya, yuxululuq və hətta qanaxma riski yarana bilər.
Aşırı istehlakın yan təsirləri:
- Mədə pozğunluğu: Həddindən artıq içildikdə mədə bulantısı və nadir hallarda qusma yarada bilər.
- Allergik reaksiya: Ambroziya, xrizantema və ya kadifeçiçəyinə allergiyası olanlarda səpgilər, şişkinlik və nəfəs darlığı ola bilər.
- Yuxululuq və halsızlıq: Sakitləşdirici dərmanlarla birlikdə içildikdə təsiri güclənir və yuxululuq yaradır.
- Qanaxma riski: Çobanyastığı çayındakı bəzi maddələr qan durulaşdırıcı dərmanlarla birləşərək qanaxma təhlükəsini artıra bilər.
- Hormon təsiri: Bəzi tədqiqatlara görə, yüksək miqdarda çobanyastığı çayı doğum nəzarət həblərinin təsirini azalda bilər.
Mütəxəssis xəbərdarlığı:
Həkimlər bildirir ki, sağlam insanlar çobanyastığı çayını ölçülü şəkildə içdikdə fayda görə bilər, lakin dərman qəbul edən və ya xroniki xəstəliyi olan şəxslər bu çayı mütəmadi içməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidir.
Tərcümə: Nəzrin Abbas