Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 18 milyondan çox insan ürək-damar xəstəliklərindən həyatını itirir. Ölüm hallarının böyük əksəriyyəti ürək infarktı və insult nəticəsində baş verir.
E-saglam.az xəbər verir ki, kardioloqlar hesab edir ki, sağlam həyat tərzi ilə bu riskin böyük hissəsini azaltmaq mümkündür.
İnfarktın əsas səbəbi:
Ürəyə qan axınının yağ təbəqələri (plak) səbəbindən dayanması, infarktın ən geniş yayılmış səbəbidir. Qan dövranı pozulduqda ürək əzələsi zədələnir və vaxtında tibbi yardım göstərilməsə, ölüm riski artır.
Əlamətləri:
Mütəxəssislər xəbərdarlıq edir ki, sinədə sıxılma və təzyiq hissi, ağrının qol, boyun və kürəyə yayılması, nəfəs darlığı və tərləmə kimi əlamətlər infarktın göstəricisi ola bilər. Belə hallarda dərhal təcili yardıma (112) müraciət edilməlidir.
Risk faktorları:
- Siqaret və elektron siqaret istifadəsi
- Yüksək təzyiq və xolesterin
- Artıq çəki və hərəkətsizlik
- Genetik meyllilik
- Stress və yuxusuzluq
Qorunma yolları:
Həkimlər ürək sağlamlığını qorumaq üçün aşağıdakı tədbirləri tövsiyə edir:
- Duz və doymuş yağların qəbulunu azaltmaq
- Zeytun yağı, balıq, qoz və avokado kimi sağlam yağlara üstünlük vermək
- Aralıq dənizi tipli qidalanma seçmək
- Həftədə ən az 5 dəfə 30 dəqiqə fiziki aktivlik etmək
- Siqaretdən tamamilə uzaq durmaq
- Qan təzyiqi və xolesterin səviyyəsini mütəmadi yoxlatmaq
Gənclər arasında infarkt halları artır:
Son illərdə 18–44 yaş arası gənclər arasında infarkt hallarının artdığı bildirilir. Mütəxəssislər bunu fast food, stress və hərəkətsiz həyat tərzi ilə əlaqələndirirlər.
Həkimlər xəbərdarlıq edir ki, sağlam qidalanma, aktiv həyat tərzi və siqaretsiz həyat təkcə yaşlılar üçün deyil, gənclər üçün də infarkt riskini ciddi şəkildə azaldır.
Tərcümə: Nəzrin Abbas
 
                 
                        
                     
             
                         
                         
                         
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                