Tərləmək bədənin temperaturunu tənzimləmək üçün tamamilə təbii və sağlam bir prosesdir. Lakin bəzi insanlarda bu vəziyyət artıq səviyyəyə çatdıqda narahatlıq yarada bilər.
E-saglam.az xəbər verir ki, Bristol Universitetindən anatomiya professoru Miçel Spir bildirir ki, insan bədənində 2–4 milyon tərləmə vəzi var və bunlar iki növ tər istehsal edir:
- Sulu tər – bədəni soyudur.
- Yağlı tər – qoltuq altı və qasıq bölgəsində olur, bakteriyalarla təmasda qoxu yaradır.
Ferah qalmaq üçün tövsiyələr:
- Hər gün sabunla duş almaq, xüsusən qoltuq altı, qasıq və ayaq bölgələrinə diqqət etmək.
- Pambıq və kətan kimi təbii parçalar geyinmək, çünki onlar təri sorur və bədəni sərin saxlayır.
- Dezodorant və tər önləyicilər istifadə etmək. Dezodorantlar qoxunu azaldır, tər önləyicilər isə tər vəzilərini müvəqqəti bağlayır.
Mütəxəssislər tər önləyicilərin gecə tətbiq edilməsini və səhər yuyulmasını məsləhət görür, çünki gecə vəzilər daha az aktiv olur.
Təbii məhsullar:
Son illərdə təbii dezodorantlar populyarlıq qazanıb. Onlar alüminium tərkibli maddələrdən uzaq durmaq istəyənlər üçün alternativ sayılır.
Lakin həkimlər xəbərdarlıq edir: “Təbii” hər zaman zərərsiz demək deyil, çünki bəzi bitki yağları və soda həssas dərilərdə qıcıq yarada bilər.
Tərləmənin tibbi səbəbləri:
Bəzi insanlarda hiperhidroz adlı vəziyyət müşahidə olunur – bədənin ehtiyacdan çox tər ifraz etməsi.
Bu, tiroid, hormonal və ya metabolik pozğunluqlarla əlaqəli ola bilər. Belə hallarda həkimlər:
- Reseptlə verilən tər önləyicilər,
- Botoks iynələri və ya
- Cərrahi müdaxilə təklif edə bilər.
Professor Spir vurğulayır:
“Tərləməkdən utanmaq lazım deyil. Bu, təbiidir. Amma həddindən artıq tərləmə sizi narahat edirsə, mütləq həkimlə məsləhətləşin".
Tərcümə: Nəzrin Abbas