Sağlamlıq
“Arıqlatma iynəsi” həkim nəzarəti olmadan
Sağlamlıq
20

“Arıqlatma iynəsi” həkim nəzarəti olmadan istifadə edilməməlidir

Ankara Tədris və Araşdırma Xəstəxanasının Endokrinologiya və Metabolik Xəstəliklər üzrə mütəxəssisi professor Mustafa Altay “arıqlatma iynəsi” kimi tanınan dərmanların yalnız həkim nəzarəti altında istifadə edilməli olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, sosial mediada bu preparatlar haqqında yayılan yanlış məlumatlar cəmiyyətdə ciddi bilgi kirliliyinə səbəb olub.

“Bu preparatlar tip 2 şəkərli diabetin müalicəsində və həyat tərzini dəyişməsinə, idmana baxmayaraq çəki ata bilməyən obez xəstələrdə tətbiq olunur. Uğurlu nəticələr əldə edilə bilər, amma yalnız həkim nəzarəti altında istifadə edilməlidir,” – deyə Altay qeyd edib.

Mütəxəssis bildirib ki, preparatdan istifadə etməzdən əvvəl böyrəklərin, qaraciyərin sağlamlığı, eləcə də ürək çatışmazlığı, pankreas iltihabı və qalxanabənzər vəzi problemlərinin olub-olmaması yoxlanılmalıdır.

Altay xəbərdarlıq edib ki, bəzi insanlar bu dərmanları özbaşına istifadə edir və bu, ağır fəsadlara gətirib çıxara bilər:

“Ailəsində pankreas və qalxanabənzər vəzi xəstəlikləri olan, öd daşı və ya hormonal pozuntuları olan şəxslər həkimlə məsləhətləşmədən bu iynəni istifadə etməməlidir”.

Professor həmçinin saxta preparatların yayılması ilə bağlı da xəbərdarlıq edib. Onun sözlərinə görə, bəzi hallarda insulin iynələri “arıqlatma iynəsi” kimi satılır və bu, həyati təhlükə yaradır.

“Bəzi insanlar iynənin saxta variantlarını əldə edib bədənlərinə insulin yeridir. Bu, qanda şəkərin kəskin azalmasına, komaya və hətta ölümə səbəb ola bilər,” – deyə mütəxəssis bildirib.

Altay əlavə edib ki, bu dərmanlar nəzarətsiz istifadə olunduqda görmə problemləri, allergik reaksiyalar və ürək çatışmazlığı kimi ağır fəsadlar yarada bilər.

“Məşhurların sosial mediada paylaşdıqları məlumatlardan sonra bu iynələrə maraq artıb. Amma bu, bir moda deyil – tibbi məsuliyyət tələb edən müalicə formasıdır,” – deyə o vurğulayıb.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun