Nevroloq Ekaterina Demyanovskaya bildirib ki, siqareti buraxmaq insultun qarşısını almaq üçün vacib addımdır.
E-saglam.az xəbər verir ki, həkim RİA-ya verdiyi müsahibədə bildirib ki, siqareti tərk etdikdən cəmi bir il sonra insult riski 50 faiz azalır, 10–15 ildən sonra isə siqaret çəkməyənlər səviyyəsinə enir.
Demyanovskaya qeyd edib ki, insult riski yalnız siqaret çəkmə ilə bağlı deyil, həm də spirtli içki istifadəsi və oturaq həyat tərzi ilə artır. Riskləri azaltmaq üçün həftədə ən azı 150 dəqiqə orta intensivlikdə, ya da 75 dəqiqə yüksək intensivlikdə fiziki fəaliyyət tövsiyə olunur.
Həkim əlavə edib ki, insultun qarşısını almaq üçün qan təzyiqi və xolesterin səviyyəsinə nəzarət vacibdir. Qidalanmaya diqqət yetirmək də önəmlidir: duz, hisə verilmiş ət və yüksək trans yağ tərkibli məhsullar – fast food, marqarin, mağazadan alınan şirniyyatlar, qəlyanaltılar və yarı hazır məhsullar mümkün qədər azaldılmalıdır.
Demyanovskaya vurğulayıb ki, siqareti buraxmaq və sağlam qidalanma ilə birlikdə fiziki aktivlik insult riskini əhəmiyyətli dərəcədə azalda bilər və ümumi sağlamlığı yaxşılaşdırır.
Tərcümə: Nəzrin Abbas