Amerika Ürək Assosiasiyası bədənin daxili bioloji saatı olan sirkadiyan ritmlərin pozulmasının piylənmə, diabet və ürək xəstəlikləri üçün vacib risk faktoru olduğunu açıqlayıb.
E-saglam.az xəbər verir ki, bu nəticə “Circulation” jurnalında dərc olunmuş elmi məqalədə yer alıb.
Mütəxəssislərin sözlərinə görə, sirkadiyan ritmlər yuxu, metabolizma, hormon istehsalı və bədən temperaturunu tənzimləyir. İnsan təbii “gündüz-gecə” dövrünə uyğun yaşamadıqda — gec yatdıqda, gecə işlədikdə və ya yanlış vaxtda yemək yedikdə — bu proseslər pozulur. Zamanla bu, qan dövranı problemlərinə, qan təzyiqinin artmasına və qan şəkərinin yüksəlməsinə səbəb ola bilər.
Elm adamları bildirir ki, dərman istifadə etmədən normal ritmi bərpa etmək mümkündür. Bunun üçün eyni vaxtda yatıb oyanmaq, səhərlər günəş işığı qəbul etmək, gecələr parlaq işıqlardan uzaq durmaq və axşam yeməyini erkən yemək tövsiyə olunur.
Əvvəllər aparılan tədqiqatlar göstərmişdi ki, retina görüntüləri vasitəsilə bioloji yaş və ürək-damar xəstəlikləri riski müəyyən edilə bilər.
Tərcümə: Nəzrin Abbas