Xəbərlər
AQTA: Türkiyədən gətirilən energetik içkilər sağlamlıq üçün
Xəbərlər
125

AQTA: Türkiyədən gətirilən energetik içkilər sağlamlıq üçün təhlükə yarada bilər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı "Orxan 011" MMC-nin Türkiyədən idxal etdiyi "Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler" müəssisəsinin istehsalı olan "Nitro Max" əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan sildenafil maddəsi aşkarlanıb.

E-saglam.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, faktla bağlı qanunuvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər. Sildenafilin qəbulu baş ağrıları, qızdırma və ürəkbulanmaya səbəb ola bilir. Bununla yanaşı, görmənin qəfil itirilməsi və ya bulanıq görmə, nəfəs darlığı, sinədə ağrı kimi simptomlarla müşayiət edilə bilər. İnsult və ya infarkt keçirmiş, ciddi ürək və ya qaraciyər problemi olan şəxslər üçün xüsusilə təhlükəli hesab edilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 27 iyul tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı"na daxil edilib.

"Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, dərman vasitələri qida məhsulları anlayışına aid edilmədiyindən, qida məhsulunun tərkibində istifadəsinə yol verilmir. Dərman vasitələri yalnız həkim nəzarəti altında qəbul edilməlidir.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun