Bir ilə yaxın idi ki, apteklərdə “Varfarin” adlı dərman preparatı ilə bağlı ciddi qıtlıq müşahidə olunurdu. Qiyməti o qədər də baha olmayan bu dərmanın bazarda alternativi olmadığından xəstələr arasında ciddi narahatlıq yaranmışdı. Daha doğrusu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Varfarin” preparatının yararlılıq müddəti səbəbindən dərmanın idxalını dayandırmışdı. Bəs hazırda vəziyyət necədir? “Varfarin”in ölkəyə idxalında hələ də problem var?
E-saglam.az xəbər verir ki, Səhiyyə Nazirliyinin tabeliyində olan Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlanıb. Mərkəzdən bildirilib ki, “varfarin” apreldən etibarən yenidən dövlət qeydiyyatına alınıb.
““Varfarin Ştada” dərman vasitəsi yenidən dövlət qeydiyyatına alınmış və 07.04.2025-ci il tarixində yeni qeydiyyat vəsiqəsi (DV №25-00442) alaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edilib.
Qeyd olunan tarixdən etibarən Mərkəzə bu dərman vasitəsinin idxalına icazə verilməsi ilə bağlı müraciət daxil olmayıb.
Lakin qeyd edirik ki, qeydiyyat vəsiqəsinə uyğun istehsal olunmuş “Varfarin Ştada” dərman vasitəsinin ölkəyə idxalı ilə bağlı heç bir hüquqi məhdudiyyət yoxdur və idxal qanunvericiliyinə uyğun şəkildə həyata keçirilə bilər”.
“Varfarin” preparatı ilə bağlı paytaxtdakı bir neçə aptekə də üz tutduq. Əksəriyyətində “varfarin” preparatı mövcuddur.
©Bizim.Media