Yaşıl çay antioksidant təsiri ilə sağlamlığa çoxsaylı faydalar göstərsə də, bəzi hallarda orqanizm üçün zərərli ola bilər
E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, yaşıl çay bəzi dərman və vitaminlərlə qarşılıqlı təsirə girərək onların mənimsənilməsini azalda bilər.
Dəmir çatışmazlığı zamanı ehtiyatlı olun:
Araşdırmalara görə, yaşıl çayın çox içilməsi xüsusilə kişi və menopoz dövründəki qadınlarda dəmir səviyyəsini azalda bilər. Çay yeməklərlə birlikdə və ya yeməkdən dərhal sonra içildikdə bu təsir daha da güclənir.
B vitamini mənimsənilməsini zəiflədir:
Yaşıl çayda olan kofein və polifenollar, B12 və fol turşusunun bədəndə mənimsənilməsinə mane olur. Bu təsir daha çox çayı gündəlik və yüksək miqdarda qəbul edən insanlarda müşahidə edilir.
Qan durulducu dərmanlarla birlikdə içilməməlidir:
Yaşıl çay az miqdarda K vitamini ehtiva etdiyindən, qan durulducu dərmanların təsirini dəyişə bilər. Eyni zamanda balıq yağı, sarımsaq və jenşen kimi əlavələrlə birlikdə qəbul edildikdə qan laxtalanmasına təsir göstərə bilər.
Ürək və təzyiq problemi olanlar üçün riskli ola bilər:
Tərkibindəki kofein bəzi insanlarda ürək döyüntüsünü və təzyiqi artıra bilər. Həmçinin, bəzi ürək, təzyiq və xolesterin dərmanlarının təsirini dəyişdiyi müəyyən olunub.
Mütəxəssislər yaşıl çayı gündəlik içənlərə, dərman və vitamin qəbulundan ən az bir saat əvvəl və ya sonra içməyi tövsiyə edir. Hər hansı dərman istifadə edirsinizsə, həkimlə məsləhətləşmək vacibdir.
Tərcümə: Nəzrin Abbas