Alimlər beyin sağlamlığına ən çox mənfi təsir göstərən qida növlərini müəyyən ediblər. Araşdırmanın nəticələrinə görə, emal olunmuş ət məhsulları və şəkərli içkilər bu siyahıda ilk sırada yer alır.
E-saglam.az-ın məlumatına görə alimlər müəyyən ediblər ki, hər gün ultra emal olunmuş ət və ya şəkərli içkilərdən bir porsiya artıq qəbul edən insanlarda demensiya və Alzheimer riski əhəmiyyətli dərəcədə artır.
2014–2020-ci illərdə aparılan araşdırmada 55 yaşdan yuxarı 4750 nəfər iştirak edib və hər iki ildən bir koqnitiv testlərdən keçiblər. Nəticədə, 1363 nəfərdə idrak pozğunluğu qeydə alınıb.
Hər gün əlavə bir porsiya emal olunmuş ət yeyənlərdə risk 17%, şəkərli içki qəbul edənlərdə isə 6% artıb.
Tədqiqatçılar vurğulayırlar ki, emal olunmuş qidaları azaltmağın ən təsirli yolu evdə yemək bişirmə vərdişlərini artırmaqdır. Virginia Tech-dən Ben Katz bildirib ki, "Pəhriz saxlamaq bir şeydir, amma həmin pəhrizi bişirmək bacarığına sahib olmaq tamamilə başqa bir şeydir".
Tərcümə: Fəxriyyə Adil
E-saglam.az