Sağlamlıq
Hansı qidalar şişkinlik yaradır,
Sağlamlıq
114

Hansı qidalar şişkinlik yaradır, hansılar azaldır?

Mədədə doluluq, gərginlik və ya qazla dolu hiss — çoxlarının yaşadığı narahatlıqdır.

E-saglam.az xəbər verir ki, son araşdırmalara görə, insanların təxminən 20 faizi bu vəziyyəti həftədə azı bir dəfə keçirir.

Şişkinlik tək bir səbəbdən yaranmır. Ən çox mədədə qaz və qida yığılması nəticəsində baş verir. Gün ərzində yeyib-içdikcə mədə genişlənir və axşama doğru qarın səhərkindən daha böyük görünür. Bəzi qidalar parçalanarkən qaz əmələ gətirir. Bu, sağlam həzmin bir hissəsidir və adətən müvəqqəti olur. Lakin davamlı şişkinlik, çölyak xəstəliyi, qıcıqlanmış bağırsaq sindromu (IBS) və ya laktaza çatışmazlığı kimi problemlərin əlaməti ola bilər.

Əgər bu hal uzun çəkirsə və eyni zamanda arıqlama, qarın ağrısı, nəcis dəyişiklikləri müşahidə olunursa, həkimlə məsləhətləşmək vacibdir.

Şişkinliyə səbəb ola bilən qidalar

Soğan və sarımsaq

Bu qidalar fruktan adlanan qısazəncirli karbohidratlarla zəngindir. Onlar bağırsaqda tam parçalanmadığından qaz və şişkinlik yarada bilər. Soğan yerinə yaşıl soğanın yaşıl hissəsini və ya frenk soğanı istifadə etmək, sarımsağı isə yağa qatmaq bu təsiri azalda bilər.

Buğda və undan hazırlanan məhsullar

Buğda da fruktan baxımından zəngindir və xüsusən çox yeyildikdə şişkinlik yarada bilər. IBS olan şəxslər gündə yalnız bir dəfə buğda məhsulu yeyib, digər vaxtlar düyü, kartof və ya yulafla əvəz edə bilərlər. Xəmirdə mayalanma prosesi bu təsiri bir qədər azaldır, ona görə də turş mayalı çörək daha yüngül həzm olunur.

Əgər buğda yeyəndə şişkinlik yaranırsa, çölyak xəstəliyinin olub-olmadığını yoxlatmaq lazımdır. Bu xəstəlikdə bədən glutenə qarşı reaksiya verir və bağırsaqlarda iltihab yaradır.

Paxlalılar (noxud, lobya, mərcimək)

Paxlalılar “rafinöz” adlı maddə daşıyır və bu, qaz əmələ gətirə bilər. Amma onlar həm də zülal, lif və dəmir mənbəyidir. Orqanizm mütəmadi qəbul etdikdə buna öyrəşir və qaz əmələ gəlməsi azalır. Paxlalıları az-az yeyib, konserv halında olanları yaxalamaq daha uyğundur.

Süd məhsulları

Süd, yoğurt və dondurmada olan “laktoz” bəzi insanlarda parçalanmadığı üçün qaz və şişkinlik yaradır. Bu halda laktozsuz süd və qatıq, yaxud sərt pendir növləri seçilə bilər.

Qazlı içkilər və saqqız

Bu vərdişlər hava udulmasını artırır və mədədə doluluq yaradır. Bir müddət qazsız içki içmək və saqqızdan uzaq durmaq faydalı ola bilər.

Şişkinliyi azalda bilən qidalar

Kefir

Fermentləşdirilmiş bu süd içkisi bağırsaq mikroflorasını gücləndirir və laktoz həssaslığında qazı azalda bilər. İlk günlər az miqdarda içmək, sonra artırmaq məsləhətdir.

Kivi

Liflə zəngin olduğu üçün bağırsaq hərəkətlərini tənzimləyir və qəbizliyi azaldır. Gündə iki kivi yemək bu problemi yüngülləşdirə bilər.

Kətan toxumu

Qaz yaratmayan liflərlə zəngindir və qəbizliyi azalda bilər. Hər gün bir-iki xörək qaşığı kətan toxumu qatıqla qarışdırılaraq yeyilə bilər.

Nanə çayı

Nanə bağırsaq əzələlərini rahatladaraq qaz və ağrını azalda bilər. Həzm üçün faydalı olduğu bilinsə də, bu sahədə elmi araşdırmalar hələ məhduddur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun