Tibbi xəbərlər
Varikoz damarları bədəndə qan laxtalanması
Tibbi xəbərlər
95

Varikoz damarları bədəndə qan laxtalanması riskini artıra bilər

Ürək-damar cərrahı, professor Onur Selçuk Göksel bildirir ki, varikoz damarları yalnız estetik narahatlıq deyil, ciddi tibbi problemdir və vaxtında müalicə olunmadıqda qan laxtalanması və ağciyər emboliyası kimi həyati təhlükələr yarada bilər.

E-saglam.az xəbər verir ki, varikoz damarları, qanı ürəyə qaytaran venlərin genişlənməsi və əyriləşməsi nəticəsində yaranır. Bu, əsasən ayaqlarda müşahidə olunur və “venoz çatışmazlıq” adlanır. Vena klapanları düzgün işləmədikdə, cazibə qüvvəsinin təsiri ilə qan ayaqlarda toplanır və zamanla damar divarları elastikliyini itirir.

Gökselin sözlərinə görə, varikoz damarlarının yaranmasına bir çox amil təsir edir: irsi meyl, yaş, hamiləlik, artıq çəki, uzun müddət ayaq üstə qalmaq və ya oturaq həyat tərzi, həmçinin siqaret və hormonal dərmanların istifadəsi.

Varikoz damarlarının ilkin əlamətləri arasında ayaqlarda ağrı, ağırlıq, yanma hissi, şişkinlik və gecələr kramplar yer alır. Xəstəliyin irəliləməsi dərinin tündləşməsinə, incəlməsinə və bəzən xoraların yaranmasına səbəb ola bilər.

Mütəxəssis vurğulayır ki, erkən diaqnoz və müalicə həm qan dövranını yaxşılaşdırır, həm də ağırlaşma riskini azaldır. Müalicə olunmayan varikoz damarları damar daxilində laxtalanmaya və hətta həyati təhlükə yaradan ağciyər emboliyasına gətirib çıxara bilər. Buna görə də simptomlar müşahidə olunarsa, vaxtında həkimə müraciət etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun