“Müəyyən problemlər var və qeyd olunan məsələ əsasən kadr çatışmazlığı ilə bağlıdır”.
E-saglam.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.
“Bu istiqamətdə Səhiyyə Nazirliyi, TƏBİB və İTSA birlikdə müzakirələr keçirib, layihə hazırlanıb. Təklifimiz Tibb Universitetinə və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna yönəldilib. Belə ki, düşündüyümüz modellərdən biri də məhz baza tibb təhsilini almış və sonra 1 il ərzində xüsusi hazırlıqlı internaturanı keçmiş ailə həkimlərinin hazırlığı ilə bağlıdır. Bu, məsələnin akademik tərəfidir. Digər tərəfi isə onların sosial müavinətləridir. Yəni onlar üçün regionlara getmək məsələsi cəlbedici olmalıdır. Bu məsələ ilə bağlı layihə hazırlanıb və düşünürəm ki, növbəti iki ildə ilkin səhiyyə xidmətlərində əsaslı dönüşü görəcəyik”, - nazir bildirib.
Qafqazinfo.az