Əgər xolesterolunuz yüksəkdirsə, pendir seçiminə diqqət yetirməlisiniz. Mütəxəssislər bildirir ki, problem bütün pendir növlərində deyil, əsas təhlükə bəzi məşhur, yüksək yağlı pendirlərdədir.
E-saglam.az xəbər verir ki, xüsusilə Brie kimi yumşaq və qaymaqlı pendirlər “pis” LDL xolesterol səviyyəsini artıra bilər. Yüksək xolesterol isə ürək-damar xəstəlikləri və insult riskini yüksəldir.
Diyetoloqların sözlərinə görə, pendirdəki doymuş yağlar orqanizmdə LDL xolesterolun yığılmasına səbəb olur. Cəmi 30 qram Brie pendirində təxminən 7,5 qram yağ, onun da 5 qramı doymuş yağdır. Amerika Ürək Assosiasiyasına görə, gündəlik doymuş yağ miqdarı 13 qramı keçməməlidir. Yəni az miqdarda Brie yemək belə bu limitin yarısına çatır.
Mütəxəssislər yüksək xolesterolu olanlara Brie kimi pendirləri yalnız nadir hallarda yeməyi, gündəlik rasionda isə az yağlı pendir növlərinə üstünlük verməyi məsləhət görürlər. Kalsium və zülal baxımından pendir faydalı olsa da, düzgün seçilmədikdə sağlamlığa zərər verə bilər. Sağlam balansı qorumaq üçün pendir miqdarına və tərkibinə diqqət etmək vacibdir.
Tərcümə: Könül Oruc
E-saglam.az