Su bədənin normal fəaliyyəti və çəki itkisində əsas rol oynayır.
E-saglam.az xəbər verir ki, diyetoloq Olqa Dekkerin sözlərinə görə, orqanizmdə su balansının qorunması maddələr mübadiləsini sürətləndirir, aclıq hissini azaldır və artıq yeməyin qarşısını alır. Bu, arıqlamaq istəyənlər üçün mühüm amildir.
Dekker bildirir ki, hər kiloqram bədən çəkisinə təxminən 30 millilitr su düşməlidir. Məsələn, 60 kiloqram çəkisi olan insan gündə 1,8 litr su içməlidir. Su qəbulunu yeməkdən 30 dəqiqə əvvəl və 1,5-2 saat sonra etmək məsləhətdir. Yemək zamanı çox su içmək isə həzmi ləngidə bilər.
Fitnes məşqçisi Olqa Derendeeva isə qeyd edir ki, səhər yuxudan oyananda bir stəkan ilıq su içmək maddələr mübadiləsini aktivləşdirir. İdman zamanı isə hər 10-15 dəqiqədən bir kiçik qurtumlarla 100-150 millilitr su qəbul etmək lazımdır.
Biohacking mütəxəssisi Qalina Husainova isə əlavə edir ki, arıqlama dövründə soyuq sudansa, ilıq su içmək daha faydalıdır. Bu, orqanizmin enerjisini qoruyur, stressi azaldır və yuxunu yaxşılaşdırır.
Mütəxəssislər vurğulayırlar ki, arıqlamaq üçün düzgün su balansını qorumaq vacibdir, lakin bu, yeganə amil deyil. Sağlam qidalanma, kifayət qədər yuxu və fiziki aktivlik də bu prosesin əsas hissəsidir.
Tərcümə: Könül Oruc