Beyin və Neyrocərrahiyyə mütəxəssisi Prof. Dr. Hakan Emmez bildirib ki, səhər saatlarında başlayan və gün ərzində artan baş ağrıları beyin şişinin ilkin simptomlarından biri ola bilər. Onun sözlərinə görə, “beyin şişləri hər zaman bədxassəli olmur, lakin yerləşdikləri bölgədən asılı olaraq ciddi nevroloji pozğunluqlara yol aça bilər”.
E-saglam.az xəbər verir ki, erkən diaqnoz isə müalicənin uğuru və daimi zədələnmənin qarşısının alınması baxımından həlledici əhəmiyyət daşıyır.
Mütəxəssis qeyd edib ki, beyin şişləri iki qrupa bölünür – ilkin və metastatik. İlkin şişlər birbaşa beyində yaranır, metastatik şişlər isə bədxassəli hüceyrələrin digər orqanlardan beyinə yayılması nəticəsində əmələ gəlir. Prof. Dr. Emmez vurğulayıb ki, “xoşxassəli şişlər belə beyin toxumasına təzyiq göstərərək ciddi nevroloji simptomlara səbəb ola bilər”. Genetik meyillilik, radiasiyaya məruz qalma və bəzi irsi sindromlar xəstəliyin yaranma riskini artıran əsas amillər sırasındadır.
Səhərlər pisləşən baş ağrısı, ürəkbulanma, qusma, görmə pozğunluğu, tarazlığın itməsi, epileptik tutmalar və danışıq çətinliyi kimi əlamətlər beyin şişinin xəbərçisi ola bilər. Diaqnoz üçün MRT ən etibarlı üsullardan sayılır, bəzən isə şişin növünü müəyyənləşdirmək üçün biopsiyaya ehtiyac yaranır.
Prof. Dr. Emmez bildirib ki, beyin şişlərinin müalicəsində çoxfunksiyalı yanaşma vacibdir. Neyrocərrahiyyə, onkologiya, nevrologiya və digər ixtisasların əməkdaşlığı ilə aparılan müalicə zamanı müasir texnologiyalar – neyronaviqasiya, neyromonitorinq və flüoresans üsulları – həm şişin daha tam çıxarılmasına, həm də sağlam beyin toxumasının qorunmasına imkan verir.
“Simptomlar özünü göstərən kimi mütəxəssisə müraciət etmək çox vacibdir. Erkən diaqnoz beyin funksiyalarının qorunmasına və həyat keyfiyyətinin saxlanmasına kömək edir,” – deyə Prof. Dr. Emmez vurğulayıb.
Tərcümə: Könül Oruc