Endokrinoloq Prof. Dr. Oya Topaloğlu bildirib ki, hipotiroidizm (qalxanabənzər vəzinin zəif fəaliyyəti) xüsusilə qadınlarda, o cümlədən doğuş yaşındakı qadınlarda daha çox rast gəlinir.
E-saglam.az xəbər verir ki, hamiləlik zamanı bu xəstəlik müalicə edilmədikdə, körpənin sağlamlığında ciddi fəsadlara səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, boyun nahiyəsində yerləşən kəpənək formalı tiroid vəzi orqanizmin maddələr mübadiləsini idarə edən hormonlar ifraz edir. Bu vəzinin zəif fəaliyyəti nəticəsində maddələr mübadiləsi yavaşlayır, bu da saç tökülməsi, dəri quruluğu, şişkinlik və çəki artımı kimi əlamətlərlə özünü göstərir.
Topaloğlu qeyd edib ki, hipotiroidizmin ən geniş yayılmış səbəbi bədənin öz tiroid hüceyrələrinə qarşı anticisimlər yaratdığı Haşimoto xəstəliyidir. Bu autoimmun pozğunluq əsasən qadınlarda müşahidə olunur.
Xəstəlik vaxtında aşkar edilərsə, sadə müalicə ilə tam nəzarət altına almaq mümkündür. Lakin gec diaqnoz qoyularsa, bu vəziyyət qan təzyiqi, ürək və ağciyər problemləri yarada bilər. Hamilə qadınlarda isə tiroid hormon çatışmazlığı dölün beyin və sinir sisteminin inkişafına mənfi təsir göstərə bilər.
Professor əlavə edib ki, bəzi hallarda oral dərmanlar yetərli olmadıqda venadaxili hormon terapiyası tətbiq olunur və bu üsul xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Hipotiroid xəstəsi Perizade Ərdoğmuşun təcrübəsi də bunu sübut edir. O, illərlə davam edən yorğunluq və halsızlıqdan sonra doğru müalicə sayəsində sağlamlığını və gündəlik enerjisini bərpa etdiyini bildirib.
Mütəxəssislər qadınlara, xüsusən də hamiləlik planlayanlara tiroid müayinəsindən keçməyi və hormon səviyyələrini yoxlatmağı tövsiyə edirlər. Vaxtında qoyulmuş diaqnoz həm ananın, həm də körpənin sağlam gələcəyi üçün mühüm addımdır.
Tərcümə: Könül Oruc