Xəbərlər
Süd və ət istehsalı azalır, qiymətləri isə artır -
Xəbərlər
102

Süd və ət istehsalı azalır, qiymətləri isə artır - Ekspertdən bədbin proqnoz

Son günlərdə marketlərdə süd və süd məhsullarının tədarükündə problemlər olduğu bildirilir. Satıcılar deyir ki, hazırda satışda olan məhsullar əvvəlki partiyalarda gələnlərdir.

E-saglam.az xəbər verir ki, vəziyyətin yaranmasına səbəb kimi isə ölkədə heyvanlar arasında dabaq xəstəliyinin yayılması göstərilir. 

Ölkə üzrə heyvan mənşəli – süd və ət məhsullarının azalması, qiymətlərin də artdığı bildirilir.
Süd və süd məhsulları istehsal edən müəssisələrdən birinin nümayəndəsi Ölkə.Az-a artıq tədarük probleminin yavaş-yavaş aradan qalxdığını bildirib.

Vəziyyətlə bağlı Ölkə.Az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov süd və süd məhsullarının yerli istehsalının azalmasının təkcə xəstəliklə bağlı olmadığını söyləyib: 

“Əvvəla onu deyim ki, bizdə süd istehsalı təbii olaraq azalır. Çünki mal-qaranın sayı və yem istehsalı (həm quru, həm də şirəli yem) azalır. Demək olar ki, şirəli yem Azərbaycanda istehsal olunmur. Eyni zamanda qüvvəli yem istehsalımız azalır. Bu, özünü həm ət, həm də süd istehsalında göstərir. Baxmayaraq ki, Dövlət Statistika Komitəsi təqdim etdiyi məlumatda artım olduğu qeyd edilir.

Demək olar ki, avqustunun ortalarından başlayaraq, indiyə kimi davam edən, dabaq xəstəliyi heyvanların baş sayının ciddi şəkildə azalmasına səbəb olur. Hesab edirəm ki, xəstəlik nəticəsində on minlərlə həm xırda, həm də iribuynuzlu heyvan tələf oldu. 

Digər tərəfdən, Azərbaycanda xəstəliyin belə geniş yayılması həm də onun nəticəsində baş verdi ki, yem tədarükümüz az və zəifdir. Buna görə də heyvanların immun sistemi zəifdir. Yem istehsalının azalması məhsuldarlığın aşağı düşməsini şərtləndirir.
Bəzi insanlar düşünürdü ki, heyvan xəstə olsa da, süd verə bilər. Əsla belə deyil. Xəstəlik başlayan gündən heyvanların ağzında yara əmələ gəlir, arıqlayır, qidalana bilmir, buna görə də süd verə bilmir. 

Digər tərəfdən, məhsuldarlıq aşağı düşdüyü üçün tədarük də görülmədi. Bunun nəticəsində biz süd istehsalının ciddi şəkildə azaldığını və yerli südün çox az həcmdə bazara çıxarıldığını görürük. Qiymətində də nisbətən artım müşahidə edilir.
Bəxtimiz onu da gətirib ki, bizə Belarus, Rusiya, İran, Türkiyə, hətta Qazaxıstandan süd və süd məhsulları gəlir. Buna görə də hesab edirəm ki, biz bazarlarda, marketlərdə qıtlığı hiss etməyəcəyik.
Azərbaycanlılar digər ölkələrdən quru südü gətirib burada su ilə qarışdırıb təzə süd kimi satışa çıxarmağı çox yaxşı bacarır. Təəssüf ki, belə hallar geniş yayılıb. Mən düşünmürəm ki, bizim monopolistlər mürgüləyir. Onlar yaxın zamanlarda sevinərək, böyük həvəslə, xaricdən - xüsusən Belarusiyadan ucuz qiymətə aldıqları o südü bizə təqdim edəcəklər”. 

Ekspert yaxın gələcəkdə ölkəmizdə də süd və süd məhsulları istehsalının azalmağa davam edəcəyini bildirib:

“İş burasındadır ki, biz gələcəkdə də yerli istehsalın azaldığını görəcəyik. Ona görə ki, heyvanlar yalnız tələf olmayıblar. Bəzi sağ qalan heyvanlarda bala salma halları geniş baş verir. Bu da o deməkdir ki, tələfat səbəbindən heyvanların baş sayı azalacaq, digər tərəfdən həm xırda, həm də iribuynuzlu heyvanlar arasında artım olmayacaq. Bu, ciddi problemdir. 
Süd və süd məhsulları xaricdən gətiriləcək, amma bu o demək deyil ki, Azərbaycan dayanıqlı olaraq özünü süd məhsulları ilə təmin edə biləcək. Son zamanlar digər ölkələr də çalışır ki, heyvanların baş sayını azaltsınlar, öz təlabatlarını ödəyəcək qədər məhsul istehsal etsinlər.

Azərbaycanda bu sahəyə məsul olanlar daha çox vəd verirlər və deyirlər ki, yavaş-yavaş aradan qalxacaq. Niyə yavaş-yavaş? Bu, çox ciddi məsələdir. Karantin obyekti olan xəstəliyin qarşısı dərhal alınmalı idi.

Bu sahədə mütəxəssis çatışmazlığı var. 30 ildən çoxdur deyirəm ki, peşəkar hazırlamadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün olmayacaq.

Ölkədə heyvanlar arasında qarayara və digər xəstəliklər də geniş yayılıb. Müdriklərin bir deyimi var: bəşəriyyətin sağlamlığı heyvanların sağlamlığından asılıdır”.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun