Uşaq həkimi Dmitri Kazakovun sözlərinə görə, düzgün seçilmiş səhər yeməyi məktəblinin gün ərzində diqqətli və enerjili olmasında əsas rol oynayır.
E-saglam.az xəbər verir ki, mütəxəssis açıqlamasında bildirib ki, ideal səhər yeməyi kompleks karbohidratlar, zülallar və sağlam yağların balansından ibarət olmalıdır. Bu kombinasiyanın həm enerji səviyyəsini sabit saxladığı, həm də idrak funksiyasını yaxşılaşdırdığı elmi tədqiqatlarla təsdiqlənib.
Həkim səhər yeməyində “Harvard boşqabı” prinsipinə əməl etməyi məsləhət görür. Bu prinsipə əsasən, porsiyanın yarısı tərəvəz və meyvələrdən, dörddə biri tam taxıl məhsullarından — məsələn, sıyıq və ya tam taxıl çörəyindən — qalan dörddə biri isə yumurta, qatıq və pendir kimi zülal mənbələrindən ibarət olmalıdır.
Əgər uşaq səhərlər tam yeməyə maraq göstərmirsə, alternativ olaraq bir stəkan süd və ya fermentləşdirilmiş süd içkisi təklif etmək mümkündür. Bununla belə, həkim şəkərli quru səhər yeməkləri, şirin barlar, çipslər, krutonlar, soyuq ətlər və müxtəlif işlənmiş qidaların səhər yeməyində qəti uyğun olmadığını vurğulayır.
Uzun dərs günlərində enerjinin tükənməməsi üçün Kazakov məktəblilərə sağlam qəlyanaltılar götürməyi də məsləhət görür. Meyvə, qoz-fındıq və tam taxıllardan ibarət kiçik nahar qutusu uşağın həm sağlam qidalanmasını, həm də gün boyu enerjisini qorumağa kömək edir.
Tərcümə: Könül Oruc