ABŞ-də aparılan yeni araşdırma xərçənglə mübarizədə ümidverici nəticə göstərib.
E-saglam.az xəbər verir ki, Massaçusets Amherst Universitetinin alimləri siçanlar üzərində sınaqdan keçirilən “nanohissəcik əsaslı super peyvənd”in şişlərin böyüməsini və yayılmasını tamamilə bloklaya bildiyini açıqlayıblar. Məlum olub ki, peyvəndlənən siçanların 80 faizdən çoxu melanomadan tam qorunub və ağciyərlərə metastaz tamamilə dayanıb.
Tədqiqatçılar xüsusi lipid nanopartikullarından ibarət yeni köməkçi maddə hazırlayıblar. Bu struktur immun sisteminin xərçəng hüceyrələrini daha dəqiq tanımasına və sürətlə məhv etməsinə imkan verib. İkinci mərhələdə mədəaltı vəzi, döş xərçəngi və melanoma üzrə testlər də yüksək nəticə göstərib: şişlərin rədd edilməsi 69–88 faiz arasında dəyişib və siçanlarda yayılma müşahidə olunmayıb.
Araşdırma "Cell Reports Medicine" jurnalında dərc olunub. Mütəxəssislər bildirirlər ki, insan sınaqları hələ başlamayıb, lakin bu platforma gələcəkdə bir çox xərçəng növünə qarşı universal peyvənd kimi istifadə oluna bilər. Alimlərə görə, klinik sınaqlar uğurlu olarsa, bu texnologiya xərçəngin bədəndə yayılmasının qarşısını alan ilk effektiv müalicə üsullarından birinə çevrilə bilər.
Tərcümə: Könül Oruc