Payızın sərin havası yuxuya getməyi asanlaşdırır, lakin həkimlər bu mövsümdə açıq pəncərə ilə yatmağın təhlükələrinə diqqət çəkir.
E-saglam.az xəbər verir ki, patofizioloq Sergey Stepanov NEWS.ru-ya açıqlamasında bildirib ki, payız gecələrində açıq pəncərə lokallaşdırılmış hipotermiyaya, yəni bədənin müəyyən hissəsinin həddindən artıq soyumasına səbəb ola bilər. Bu isə əzələ ağrıları, miyozit və hətta sinir uclarının soyumasından yaranan nevralgiya riski yaradır.
Mütəxəssis əlavə edib ki, yuxu zamanı bədənin soyuması immuniteti zəiflədir və insanı virus infeksiyalarına daha həssas edir. Buna görə də, rahat yuxu üçün otağın temperaturunu yalnız bir qədər azaltmaq tövsiyə olunur.
Həkim gecə yatmazdan əvvəl otağın 10–15 dəqiqə havalandırılmasını məsləhət görür. Havanın daim təzə qalması tələb olunarsa, açıq pəncərənin birbaşa yatağa üz tutmaması vacibdir. Bunun üçün pəncərəni qonşu otaqda açıq saxlamaq daha təhlükəsiz sayılır.
Tərcümə: Könül Oruc