Skandinaviya Sağlamlıq Mərkəzinin kardioloqu Valeriya Bonadykova spirtli içkilərin təzyiqə gizli və təhlükəli təsir göstərdiyini bildirib.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, alkoqol ilk mərhələdə damarları genişləndirsə də, az sonra onları sürətlə daraldır və bu, qan təzyiqinin qəfil yüksəlməsinə səbəb olur. Doza nə qədər çox olarsa, risk bir o qədər artır. Xüsusilə də güclü içkilər və eyni anda üç porsiyadan çox spirt qəbul edildikdə təhlükə daha böyükdür. Bu təsir spirt qəbulundan bir neçə saat sonra meydana çıxır və susuzlaşma vəziyyəti daha da ağırlaşdırır.
Kardioloq əlavə edib ki, duz da təzyiqi artıran əsas səbəblərdəndir. Natrium bədəndə suyu saxlayır, qanın həcmini artırır və damarları yükləyir. Onun sözlərinə görə, gündəlik yeyilən bir çox məhsullarda gizli duz var. Bunlara ketçup, soya sousu, yumşaq balıq və ət konservləri, pendir, kolbasa, bekon, sosiska və ağ çörək daxildir.
Mütəxəssis çips, kraker və popkornun da riskli olduğunu vurğulayıb. Bu məhsullar tərkibində duz, yağ və şəkəri birləşdirir. Bu isə yalnız qısamüddətli təzyiq sıçrayışlarına deyil, həm də hipertoniya, piylənmə və metabolik pozğunluqların inkişafına gətirib çıxara bilər.
Tərcümə: Könül Oruc