Türkiyənin tanınmış daxili xəstəliklər üzrə mütəxəssisi Prof. Dr. Canan Karatay 46 illik həyat yoldaşı Ali Başak Karatayın vəfatı ilə ən ağır günlərini yaşayır.
E-saglam.az-ın məlumatına görə, 78 yaşında dünyasını dəyişən Ali Başak Karatayın ölümü həm ailəsini, həm də akademik çevrəsini dərin kədərlə sarsıdıb. Cütlüyün 42 yaşında bir oğlu var idi və Canan Karatay illər əvvəl həyat yoldaşı haqqında danışarkən “Onun yanında olanda belə darıxıram” sözləri ilə aralarındakı güclü bağdan bəhs etmişdi.
1947-ci ildə İstanbulda anadan olan Ali Başak Karatay, ABŞ-nin Sirakuz Universitetində təhsil almış, Türkiyədə fəlsəfə sahəsinin inkişafında mühüm rol oynamışdır. O, Boğaziçi Universitetinin Fəlsəfə Bölümünün qurucularından biri kimi tanınırdı və son illər İstanbul Bilim Universitetində müəllimlik fəaliyyətini davam etdirirdi. Akademik çevrədə dərin hörmət qazanan Karatay, ardında qiymətli elmi irs qoyub.
Mərhumun dəfn mərasimi 26 noyabr 2025-ci il, çərşənbə günü Moda Məscidində günorta namazından sonra keçiriləcək və o, Nakkaştepe qəbiristanlığında ailə torpağında dəfn olunacaq.
Prof. Dr. Canan Karatay üçün bu itki, uzun illər davam edən möhkəm birlik və sevgi dolu ailə həyatının ağrılı bir ayrılığı kimi yadda qalacaq.
Tərcümə: Könül Oruc