Psixoloq Elena Kuperşteyn bildirib ki, emosional gərginlik somatik xəstəlikləri şiddətləndirə və insanın ümumi sağlamlığına ciddi təsir göstərə bilər.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, cəmi 20 gün davam edən intensiv stress bədəndə psixosomatik prosesləri dəyişdirərək ömür uzunluğunu 10 saata qədər azalda bilər.
Kuperşteyn izah edib ki, stress zamanı bədəndə adrenalin və norepinefrin kimi təcili hormonlar aktivləşir və bu hormonların uzunmüddətli təsiri orqanların və sistemlərin işinə mənfi təsir göstərir. O qeyd edib ki, stressin əsas səbəbləri şəxsiyyətdaxili münaqişələr, ifadə olunmamış emosiyalar və davamlı daxili gərginlikdir.
Mütəxəssis vurğulayıb ki, orqanizm xroniki və ya ağır stressin öhdəsindən hər zaman effektiv şəkildə gələ bilmir. Genetik meyl səbəbindən bəzi insanlarda stress hormonları həddindən artıq istehsal olunur və vəziyyət bitdikdən sonra da ifraz olunmağa davam edir. Bu, kiçik qıcıqlara qarşı belə həddindən artıq emosional reaksiya yarada bilər.
Psixoloq bildirib ki, vəziyyət ümumi yorğunluq, alkoqol istifadəsi və digər zərərli vərdişlərlə daha da ağırlaşa bilər və stressin idarə olunması üçün psixoloji dəstək çox vacibdir.
Tərcümə: Könül Oruc