Uzunömürlülük üzrə tədqiqatçı Den Buettner, bioloji yaşından daha gənc qalmasına kömək edəcəyinə inandığı şorba reseptini açıqladı.
E-saglam.az xəbər verir ki, "Daily Mail" qəzetinin məlumatına görə, 64 yaşlı Buettner bildirib ki, hətta həkimlər onun sağlamlıq vəziyyətindən məmnundurlar.
O, sağlamlığının əsas səbəbi kimi hər səhər yeməyində italyan minestrone şorbası yemək vərdişini göstərir.
Ekspert qeyd edib ki, o, Sardiniyada yüzillüklərlə davam edən qidalanma vərdişlərini araşdırarkən bu şorbanın reseptinə təsadüf edib. Ada uzun ömürlülüyü ilə məşhurdur və Buettner hesab edir ki, bunun əsas səbəbi oradakı qidalanma vərdişləridir.
O deyir: “Sardiniyada minestrone sadəcə isidici şorba deyil. Onlar onu lobya, dənli bitkilər, tərəvəz və göyərtilərlə elə hazırlayırlar ki, elm adamları belə bu şorbanın sağlamlığa faydalarını qəbul ediblər”.
Buettner əlavə edib ki, reseptində tərəvəz və lobya əsas yer tutur, son mərhələdə isə yeməyi daha doyurucu etmək üçün bir qaşıq zeytun yağı və avokado əlavə edir.
Sardiniya minestrone şorbasının resepti:
Tərkibi:
- 1 stəkan lobya (quru və ya bişmiş)
- 1 stəkan dənli bitkilər (arpa, buğda və ya qarabaşaq)
- 2-3 stəkan doğranmış tərəvəzlər (yerkökü, kərəviz, pomidor, balqabaq və s.)
- 1 ovuc təzə göyərti (cəfəri, reyhan və s.)
- 1 qaşıq zeytun yağı
- ½ avokado (istəyə bağlı)
- Duz və istiot zövqə görə
- 6 stəkan su və ya tərəvəz suyu
Hazırlanma qaydası:
1. Böyük qazanda suyu qızdırın.
2. Lobya və dənli bitkiləri əlavə edin, yumşalana qədər bişirin.
3. Tərəvəzləri doğrayıb qazana əlavə edin, hamısı birlikdə 15-20 dəqiqə bişsin.
4. Göyərtiləri və zeytun yağını əlavə edin, qarışdırın.
5. İstəyə görə, servis edərkən üzərinə avokado dilimləri qoyun.
6. Duz və istiotla dadlandırın.
Bu şorba həm doyurucudur, həm də vitamin, lif və sağlam yağlarla zəngindir. Hər gün səhər yeməyində içmək uzunömür və yaxşı sağlamlıq üçün tövsiyə olunur.
Tərcümə: Könül Oruc