Sink immun sisteminin normal fəaliyyəti üçün vacib minerallardan biridir. Bu element soyuqdəyməyə səbəb olan mikroblarla mübarizə aparan immun hüceyrələrinin yaranmasında mühüm rol oynayır və xəstəliyin müddətinin qısalmasına kömək edə bilər.
E-saglam.az xəbər verir ki, mərcimək, balqabaq toxumu və hinduşka döşü sinklə zəngin qidalar sırasında yer alır və gündəlik qidalanmada xüsusi əhəmiyyət daşıyır.
Mütəxəssislərin fikrincə, soyuqdəymə adətən 7–10 gün davam edir. Aparılan araşdırmalar göstərir ki, sink qəbul edən şəxslərdə simptomların müddəti bir neçə gün daha qısa ola bilər. 2016-cı ildə aparılan bir tədqiqatda sink pastilləri istifadə edən insanlarda soyuqdəymə əlamətlərinin üç günə qədər azaldığı müşahidə edilib. 2021-ci ildə aparılan elmi icmalda isə bu müddətin orta hesabla iki gün qısaldığı bildirilib.
Sinkin təsir mexanizmi əsasən immun sisteminə bağlıdır. Diyetoloq Culiya Zumpanonun sözlərinə görə, sink mikroblarla mübarizə, yaraların sağalması və bir çox bioloji proseslərdə mühüm rol oynayır. Bununla belə, sink əlavələrinin həkim məsləhəti olmadan qəbul edilməsi tövsiyə edilmir.
Sink eyni zamanda antioksidant təsirə malikdir. O, görmə qabiliyyətinin qorunmasına, qan şəkəri və xolesterinin azalmasına da dəstək ola bilər. Sinkin təbii mənbələrinə istiridyə, karides, çedar pendiri, hinduşka döşü, mərcimək və balqabaq toxumu daxildir. Harvard Tibb Məktəbinin məlumatına görə, 85 qram xam istiridyə təxminən 32 milliqram sink ehtiva edir.
Tərcümə: Könül Oruc