Norveçdə fəaliyyət göstərən DoMore Diagnostics şirkəti süni intellekt əsaslı analiz sistemi ilə kolorektal xərçəngin müalicə yanaşmasını dəyişməyi hədəfləyir.
E-saglam.az xəbər verir ki, şirkətin hazırladığı texnologiya şişin təhlükə səviyyəsini ənənəvi patoloji qiymətləndirmədən daha dəqiq müəyyən edə bilir və bununla da bir çox xəstənin lazımsız kimyaterapiyaya məruz qalmasının qarşısını almağı məqsəd qoyur.
İndiyədək həkimlər biopsiya nümunələrini mikroskop altında araşdıraraq qərar verirdilər. Lakin bu üsul şişin aqressivliyini göstərən incə göstəriciləri hər zaman aşkar edə bilmir. Süni intellekt sistemi isə toxuma görüntülərini insan gözündən daha detallı təhlil edərək risk səviyyəsini daha dəqiq qiymətləndirir.
Şirkətin baş direktoru Torbjorn Furuseth bildirir ki, süni intellektin köməyi ilə xərçəng müalicəsi fərdiləşdirilir. Onun sözlərinə görə, hazırda bir çox xəstə real faydası olmayan, lakin ciddi yan təsirləri olan müalicələr alır. Yeni texnologiya kimyaterapiyanın yalnız həqiqətən ehtiyacı olan xəstələrə tətbiq edilməsinə imkan yaradır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, kolorektal xərçəng dünyada ən çox rast gəlinən üçüncü, ölümcüllüyə görə isə ikinci xərçəng növüdür. Təkcə Avropada 2022-ci ildə 2,74 milyon yeni xərçəng halı qeydə alınıb. DoMore Diagnostics-in sistemi bu geniş yayılmış sağlamlıq probleminə daha dəqiq və hədəflənmiş yanaşma təklif edir.
Texnologiya Oslo Universitet Xəstəxanası, Oksford Universiteti və London Universitet Kolleci ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Süni intellekt alqoritmi minlərlə rəqəmsal toxuma görüntüsü ilə öyrədilib və nəticələrlə əlaqə quraraq qərarvermə bacarığı qazanıb. Tədqiqat direktoru Andreas Kleppe qeyd edir ki, sistem patoloqlarla müqayisədə daha dəqiq nəticələr verir və insan gözünün seçə bilmədiyi xüsusiyyətləri də təhlil edə bilir.
Bu analizlər xüsusilə əməliyyatdan sonrakı mərhələdə mühüm əhəmiyyət daşıyır. Metastaz riskinin düzgün qiymətləndirilməsi kimyaterapiyaya ehtiyacın olub-olmadığını müəyyənləşdirmək üçün əsasdır. Şirkətin məlumatına görə, kolorektal xərçəng xəstələrinin böyük hissəsi yalnız cərrahi müdaxilə ilə sağala bilər, lakin standart yanaşma səbəbindən bir çoxu lazımsız müalicə alır.
Hazırda bu test Avropa, ABŞ, Yaponiya və Meksikadakı xəstəxanalarda istifadə olunur. Məqsəd hər bir xəstənin xərçənginin aqressivliyini daha dəqiq müəyyən etmək və “hamıya uyğun” yanaşmadan imtina edərək müalicəni fərdi şəkildə planlaşdırmaqdır.
Tərcümə: Könül Oruc