Günün əvvəlindəki bəzi vərdişlər bilmədən sağlamlığa təhlükə yarada bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislərin fikrincə, oyanan kimi qəfildən yataqdan qalxmaq, xüsusən də müəyyən qruplar üçün ciddi nəticələrə səbəb ola bilər.
Oyandıqdan dərhal sonra tez qalxdığınız zaman bədənin vəziyyət dəyişikliyinə uyğunlaşmağa vaxtı olmur. Bu, beyinə qan axınının müvəqqəti azalmasına səbəb ola bilər. Nəticədə qan təzyiqində qəfil dəyişikliklər başgicəllənmə, huşunu itirmə və daha ciddi hallarda insult riskini artıra bilər.
Soyuq havada risk artır
Bu vərdiş, xüsusən də qış aylarında daha da təhlükəli olur. Soyuq hava qan damarlarının daralmasına səbəb olur və ürək-damar sisteminə yükü artırır. Yaşlılar və hipertoniya, ürək və qan dövranı sistemi xəstəlikləri olanlar bu dövrdə daha yüksək risk qrupundadırlar.
Günə yavaş başlamaq tövsiyə olunur
Mütəxəssislər oyanan kimi tullanmaq əvəzinə bir neçə saniyə yataqda qalmağı məsləhət görürlər. Bu müddət ərzində qollarınızı və ayaqlarınızı yumşaq bir şəkildə uzatmaq və hərəkət etdirmək bədənin dik vəziyyətə uyğunlaşmasına kömək edir. Daha sonra oturub bir-iki dəqiqə gözləmək qan təzyiqində qəfil dəyişikliklərin qarşısını ala bilər.
Bədən temperaturunu qorumaq vacibdir
Soyuq havada səhər saatlarında bədən temperaturunu qorumaq diqqət yetirilməli olan digər bir məqamdır. Xüsusilə başı, boyunu və ayaqları qəfil soyumadan xalat, corab və tərlik kimi geyimlərlə qorumaq tövsiyə olunur.
Tərcümə: Könül Oruc